Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Hacıqabul şəhəri
Hacıqabul rayonu Kür - Araz ovalığının cənub - şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. «Hacıqabul» sözünün mənası «Allah sənin Həcc ziyarətin qəbul etsin» deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkəyə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buraınn şəraiti düşərgə salması üçün çox münasib idi. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilininyaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər. Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir. Burada yaya fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Onların illik miqdarı 200 mm-dən çox olmur. Kür çayının axını boyunca yerləşən ərazilər tuğay meşələri və kolluqlarla örtülmüşdür. Rayonun ərazisində yerləşən Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif nəzərə çarpır. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Əli - Bayramlı Elektrik Stansiyasının ilıq suları bu göldə tökülür. Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir. Gölün forma etibarilə oval şəkilli olması sayəsində onun sahilindən ortasına qədər məsafə kifayət qədər böyükdür, bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərtdir. Rayonda müvafiq orqanların icazəsilə və qadağan olmuş dövrləri nəzərə almaqla ovçuluq və balıqçılıqla məşğul olmaq üçün şərait var. Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi - memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII - XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir - ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII - XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir. Şəhərdə tarixi yerlərə ekskursiyalar (Hacıqabul - Qubalı Baloğlan və Hacıqabul - Udulu marşrutları üzrə) təşkil edilir. Harada qalmaq olar Turistlərin qəbulu üçün yerli əhalinin gözəl zövqlə tikilmişxüsusi yaşayış evlərindən istifadə edilməsi mümkündür. Tel 5 32 83, 5 34 90 Harada nahar etmək olar «Azad», «Qaya» restoranları, «Qayqaz» kafesi Tel. 5 26 83, (50) 341 19 35 müxtəlif növ yeməkləri təklif edir.