Şirvan şəhər mədəniyyət və turizm şöbəsi
Şirvan şəhər mədəniyyət və turizm şöbəsi 1947-ci ildə "Mədəniyyət şöbəsi" adı ilə yaradılmışdır. 30 yanvar 2006-cı il tarixədək şöbə bu adla fəaliyyət göstərmişdir.Həmin tarixdə respublikanın bəzi nazirliklərində aparılmış islahatlarla əlaqədar olaraq mədəniyyət şöbəsinin adı dəyişdirilmiş və mədəniyyət və turizm şöbəsi adlandırılmışdır.
Mədəniyyət və turizm şöbəsi Şirvan şəhərində mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, kinematoqrafiya, muzey, kitabxana və klub işi, xalq yaradıcılığı, musiqi təhsili sahələrində dövlət siyasətini həyata keçirən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Şirvan şəhər icra hakimiyyətinin ikili tabeliyində olan orqandır.
Mədəniyyət və turizm şöbəsi tabeliyində olan mədəni-maarif müəssisələrinin fəaliyyətinə nəzarət edir, onların işini istiqamətləndirir və əlaqələndirir.Mədəniyyət və turizm şöbəsi öz vəzifələrini tabeliyində olan müəssisələr vasitəsilə yerinə yetirir.Mədəniyyət və turizm şöbəsinin tabeliyində aşağıdakı mədəni-maarif müəssisələri fəaliyyət göstərir:
1.Mərkəzi mədəniyyət evi.1930-cu illərdə yaradılmışdır.1958-ci ildə xüsusi layihə əsasında tikilmiş üç mərtəbəli yeni binaya köçürülmüşdür.Layihəyə əsasən tamaşa salonu 400 yerlikdir.Hazırda 247 oturacaq yeri vardır.2010-cu ildə mərkəzi mədəniyyət evinin binası əsaslı şəkildə təmir olunmuş, həmçinin yenidən qurulmuş və bərpa edilmişdir.
Mərkəzi mədəniyyət evində keçən əsrin əllinci illərində dərnək kimi fəaliyyətə başlamış, 1962-ci ildə "xalq" statusu almış teatr vardır.Mərkəzi mədəniyyət evində instrumental ansambl və çoxsaylı dərnəklər fəaliyyət göstərir.
2.Mərkəzləşdirilmiş kitabxana sistemi (MKS). 1979-cu ildə şəhərdə müstəqil fəaliyyət göstərən kitabxanaların bazası əsasında yaradılmışdır.Mərkəzləşdirilmiş kitabxana sisteminə şəhər mərkəzi kitabxanası və onun 13 filialı daxildir.MKS-nin oxuculara xidmət, metodika və biblioqrafiya, kitabişləmə və komplektləşdirmə, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya-resurs və uşaq şöbələri vardır.Bunlardan əlavə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, Beynəlxalq Tədqiqat və Mübadilə Şurası tərəfindən idarə olunan icma məlumat mərkəzi fəaliyyət göstərir.Mərkəzdə pulsuz kompüter bilikləri öyrədilir.Kitabxanada ABŞ-ın Sülh Korpusu tərəfindən maliyyələşdirilən pulsuz ingilis kursları da vardır.
Mərkəzləşdirilmiş kitabxana sisteminin fondlarında 184,7 min nüsxə, o cümlədən 33,9 min nüsxə latın qrafikalı ədəbiyyat vardır.Kitabxana xidmətindən istifadə edən oxucuların sayı 20800 nəfərdir.
3.Uşaq musiqi məktəbi. 1961-ci ildə yaradılmışdır.Musiqi fənlərinin tədrisi ilə məşğul olur.Yeddiillikdir.Musiqi məktəbində tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, səs, skripka sinifləri vardır.Məktəbdə 454 şagird musiqi təhsili alır.Musiqi tədrisi ilə 90 nəfər müəllim məşğul olur.Onların əksəriyyəti bu məktəbin yetirmələridir.
Uşaq musiqi məktəbinin şagirdləri respublika müsabiqələrində uğurla çıxış edirlər.Onlar dəfələrlə mükafata layiq yerlər tutmuşlar.
4.Tarix-diyarşünaslıq muzeyi. Muzey 1980-ci ilin may ayında yaradılmışdır.Ərazinin tarixinə dair eksponatların toplanılması, qorunması, elmi tədqiqi və təbliği ilə məşğul olur.Fəaliyyət göstərdiyi müddətdə muzeydə çox zəngin eksponat fondu yaradılmışdır.Muzeydə 2 fond vardır: əsas və elmi-köməkçi.Əsas fondda eksponatların sayı 10638, elmi-köməkçi fondda 1500 ədəddir.Əsas fondun aşağıdakı bölmələri vardır:1.Arxeologiya; 2.Numizmatika; 3.Məişət-etnoqrafiya; 4.Fotoşəkillər; 5.Sənədlər; 6.Qəzetlər; 7.Çap məmulatı; 8.Əlyazmalar; 9.Videomateriallar; 10.Digər eksponatlar.
Muzeyin fondunda olan eksponatlar aşağıdakı bölmələrdə nümayiş olunur: 1.Təbiət; 2.Qədim dövr; 3.Müasir dövr.
Muzeydə ən qədim eksponat eramızdan əvvəl I minilliyin ortalarına aid gil küpədir.
5.Dövlət rəsm qalereyası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1990-cı ildə yaradılmışdır.Qalereya təsviri incəsənət əsərlərinin təbliği ilə məşğul olur.Bu məqsədlə qalereyada və ondan kənarda vaxtaşırı olaraq sərgilər təşkil edilir, təsviri incəsənətə dair mühazirələr oxunur.Qalereyada müxtəlif dərnəklər fəaliyyət göstərir.Qalereyanın əsas fondunda 60 əsər vardır.Bundan əlavə uşaq, yeniyetmə və gənclər tərəfindən çəkilmiş çoxlu sayda rəsm toplanmışdır.
6."Şirvan" mədəniyyət evi. 2006-cı ildə yaradılmışdır. "Şirvan" kinoteatrının bazasında yerləşir.Mədəniyyət evində müxtəlif bədii özfəaliyyət kollektivləri yaradılmışdır.Mədəniyyət evinin kollektivi vaxtaşırı olaraq mədəni-kütləvi tədbirlər təşkil edir. N hərbi hissəsinə mədəni hamilik edir.
7. Füzuli adına mədəniyyət və istirahət parkı. Şirvanın Təzə şəhər adlanan hissəsində yerləşir.Ərazisi 5 ha-dır.
8. Kinovideo birliyi. 2001-ci ildə yaradılmışdır.
9. Heydər Əliyev mərkəzi. 2006-cı ildə muzey kimi yaradılmışdır.2010-cu ildə xüsusi layihə əsasında tikilmiş yeni binaya köçürülmüşdür.01 fevral 2012-ci il tarixdən Heydər Əliyev mərkəzi adlanır.Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 900 eksponat toplanmışdır.
Heydər Əliyev mərkəzinin ekspozisiyası xronoloji ardıcıllığı əks etdirən beş bölmədən ibarətdir.Beşinci bölmə "Heydər Əliyev və Şirvan" adlanır.
Heydər Əliyev mərkəzi Şirvan şəhərinin ən gənc mədəniyyət müəssisəsidir.
Şirvan şəhərinin ərazisində dövlət mühafizəsinə götürülmüş 5 daşınmaz tarix və mədəniyyət abidəsi vardır.Bunlar aşağıdakılardır:
1.Nekropol; 2.Kür sahilindəki bağ; 3.Yaşayış evi; 4.Təsərrüfat binası; 5.Məscid. Bunlardan birinci ikisi ölkə əhəmiyyətli, digər üçü yerli əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.
Şirvan şəhərində obyektiv səbəblərə görə hələlik turizm xidməti təşkil olunmamışdır.Çünki Şirvan şəhərinin ərazisində turistlərin marağına səbəb ola biləcək tarix və memarlıq abidələri, həmçinin müvafiq infrastruktur yoxdur.Bu səbəblərə görə Şirvan respublikanın turist marşrutlarına daxil edilməmişdir.Bunlara baxmayaraq şəhərin turizm imkanları araşdırılır.Araşdırmalar göstərir ki, Şirvan şəhərinin gələcək üçün turizm potensialı vardır.Şəhərin ərazisində olan Daş dövründən qalmış mağaralar, arxeoloji qazıntılar aparılmasına ehtiyac olan qədim yaşayış məskənləri, qazıntı zamanı aşkar edilmiş dulus kürələri, çoxsaylı palçıq vulkanları, neftin təbii yolla yer səthinə çıxması və s. belə düşünməyə imkan verir.
Turistlərin marağına səbəb ola biləcək obyektlərin reyestri tərtib edilir.Turistlər üçün Şirvan şəhərinin qədim dövr tarixini əks etdirən kitab nəşr olunmuşdur.