Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil
|

Salyan

Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Salyanda təhsil həmişə xüsusi diqqət verilən sahələrdən olub. İqtisadi baxımdan daim inkişaf etdiyi üçün Salyan həm də uzun müddət Muğan bölgəsinin maarif-mədəniyyət mərkəzi olub.

1860-cı illərə aid mənbələrə əsasən, Salyanda 4 ibtidai məktəb, 19 mədrəsənin (15 kişi, 4 qadın)olması məlumdur.

1880 -ci ilin 22 sentyabr tarixində isə indiki Salyan ərazisində ilk Avropa təmayüllü orta təhsil məktəbinin açılması dəqiq tarixi faktlarla təsbit edilib. Bu məktəbin ilk 49 şagirdindən 47 nəfəri milliyyətcə azərbaycanlı, 2 nəfəri isə rus olub. Məktəbin ilk müəllimi Koloşov idi. Tədris müəssisəsinin direktorunun adıyla məktəbə el arasında " abramın məktəbi" kimi tanınırdı. Məktəbin ilk məzunlarından bir neçə nəfəri Bakı Realnı məktəbinə, 2 nəfəri isə Qori Müəllimlər Seminariyasına müəllim təyin olunub. Hazırda bu məktəbin bazasında Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü humanitar fənlər təmayüllü məktəb-litsey fəalliyyət göstərir.

Sonrakı illərdə yaranan Salyan şəhərində qız və oğlanların təhsil alamsı üçün əlavə 2 məktəb açılb.

Salyanda təhsil bu gün

Hazırda Salyan rayonu ərazisində 54 ümumtəhsil məktəbi, 16 məktəbəqədər, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bundan Əlavə Ümumtəhsil məktəblərinin 37-si tam orta, 15-i ümumi orta, 2-si isə ibtidai təhsil verir. 54 ümumtəhsil məktəbində 18000-dən artıq şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 2300-dən çox müəllim məşğul olur.

Rayonda 16 məktəbəqədər müəssisə də fəaliyyət göstərir. Bunlardan 5-i kəndlərdə, 11 -isə şəhər ərazisində yerləşir. 16 məktəbəqədər müəssisəyə 755 uşaq cəlb edilib. Bu rayonda məktəbəqədər yaşlı uşaqların 14,5 %-ni təşkil edir. Respublika üzrə bu göstərici 19,6 % -dir.

Uşaqların asudə vaxtının səmərəli təşkili, müxtəlif yaradıcılıq qabiliyyətlərini və istedadlarını inkişaf etdirmək məqsədi ilə 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir :

Uşaqların Yaradıcılıq Mərkəzi - 4 adda dərnəkdə 1525 uşaq məşğul olur.
Uşaqların Texniki Yaradıcılıq Mərkəzi - 2 adda dərnəkdə 1800 uşaq məşğul olur.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi - profili üzrə 1 adda dərnəkdə 1050 uşaq məşğul olur.
Uşaq İdman məktəbi - 3 idman növü üzrə 531 uşaq məşğul olur.
Şahmat məktəbi - profili üzrə 327 uşaq məşğul olur.
Həmin müəssisələrin tədris-maddi bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Hal-hazırda Uşaqların Texniki Yaradıcılıq Mərkəzi üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yeni müasir bina tikilir.

2011-ci ildə Dövlət Proqramı əsasında Düzənlik kəndində 200 yerlik yeni məktəb binasının tikintisinə başlanıb.

Eyni zamanda rayonun Qarabağlı, Yolüstü və Boranıkənd kəndlərində də bu il yeni məktəb binalarının tikintisinə başlamaq Dövlət Proqramına uyğun nəzərdə tutulub.

Uğurlarımız

Rayonun ümumtəhsil məktəblərində 7 nəfər "Əməkdar müəllim" fəxri adı almış, 3 nəfər "Tərəqqi medalı"na, 1 nəfər isə "Prezident təqaüdü "nə layiq görülmüş müəllim çalışır.

2013-cü ildə rayonun orta məktəblərində 1169 nəfər atestat almışdır. Bunlardan 368 məzun ali, 77 məzun isə orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanlardan 18 nəfər 600-dən çox bal toplamışdır. Şəhər 2 saylı tam orta məktəbin məzunu Səidə Ələsgərova Prezident təqaüdünə layiq görülmüşdür. Ə.Kürçaylı adına şəhər 7 saylı tam orta məktəbin riyaziyyat müəllimi Allahverdi Piriyev "Respublikanın Əməkdar Müəllimi" fəxri adına layiq ğörülmüş, şəhər 4 saylı tam orta məktəbin kimya müəllimi Rəcəb Əsgərov «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

"Əməkdar müəllim " fəxri adına layiq görülmüş müəllimlər

Əhmədov Həsənağa Əhməd oğlu - Şəhər 7 saylı məktəb-liseyin imgilis dili müəllimi
Qəniyev Mehdi Nuruş oğlu - Yuxarı Xalac -1 kənd tam orta məktəbin riyaziyyat müəllimi
Piriyeva Gülşən Əliağa qızı - Şəhər 7 saylı məktəb-liseyin kimya-biologiya müəllimi
Şirinova Əlvanxanım Əmir qızı - Kürqaraqaşlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi
Ələsgərova Yaqut Bəylər qızı - Şəhər 7 saylı məktəb-liseyin biologiya müəllimi
Səlimli Səlimağa Ağaxan oğlu - Şəkərli kənd ümumi orta məktəbin direktoru, fizika müəllimi
Cəbrayılova Fərqanə Həbib qızı - Şəhər 7 saylı məktəb-liseyin tarix müəllimi
Allahverdi Piriyev - Ə.Kürçaylı adına şəhər 7 saylı tam orta məktəbin riyaziyyat müəllimi
"Tərəqqi" medalı ilə təltif olunmuş müəllimlər

Orucov Zabit Səyyaf oğlu - Yuxarı Xalac -1 kənd tam orta məktəbin riyaziyyat müəllimi
Quliyev Yusif Əliqulu oğlu - Şəhər 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi
Ağalarov Məsud Mahmud oğlu - Salyan RTŞ-nin aparıcı məsləhətçisi
Rəcəb Əsgərov - 4 saylı tam orta məktəbin kimya müəllimi
Prezident təqaüdü alan müəllim

Əhmədov Həsənağa Əhməd oğlu - Şəhər 7 saylı məktəb-liseyin ingilis dili müəllimi.


Hər tədris ilinin sonunda respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yekun statistikasında rayonumuz həm ümumi nəticələr üzrə, həm də ayrı-ayrı fənlər üzrə nəticələrə görə respublikada öncül yerlərdə olur.

İllər Məzunların sayı Sənəd verənlər Qəbul olunanlar 500-dən çox bal toplayanlar 600-dən çox bal toplayanlar
2005 1509 710 281 36 8
2006 1501 767 234 42 13
2007 1431 696 211 36 11
2008 1378 779 226 52 17
2009 1433 677 245 37 6
2010 1322 663 278 64 18
2013 1169 368 18

İsmayılov İslam Elton oğlu - 7 saylı məktəb-liseyin 2008-ci il məzunu -Koreyada
Məmmədli Vüqar Emin oğlu - 3 saylı tam orta məktəbin 2010-cu il məzunu- Şimali Kipr Türk Cümhuriyyətində
Səidə Ələsgərova - Şəhər 2 saylı tam orta məktəbin məzunu 
Rayonda iki məktəbin bazasında lisey siniflər açılaraq məktəblər Təhsil Nazirinin əmri ilə məktəb-liseyə çevrilib.

Bir məktəb elektron məktəbə çevrilib.

2008-ci ildə şəhər 1 saylı məktəb-lisey "İlin ən yaxşı məktəbi", həmin məktəbin riyaziyyat müəllimi Əhmədov Zabul Habil oğlu "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2009-cu ildə şəhər 4 saylı tam orta və şəhər 7 saylı məktəb-lisey "İlin ən yaxşı məktəbi", 7 saylı məktəb-liseyin kimya-biologiya müəllimi Piriyeva Gülşən Əliağa qızı isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi adına yiyələnib. Məktəb və müəllimləri isə cənab Prezidentin sərəncamı ilə mükafatlandırılıblar.

Salyan Rayon Təhsil Şöbəsinin müdiri : Əbülfət Ağababa oğlu Bədəlov (təvəllüdü - 1957-ci il, ixtisası - riyaziyyat, 07 aprel 2010-cu il tarixdən bu vəzifədə işləyir.)

İdarənin yerləşdiyi ünvan : Salyan şəhəri, Heydər Əliyev küçəsi № 92

Məktəblərin yenilənməsi

Ölkəmizin iqtisadi imkanlarının ilbəil güclənməsi təhsil sahəsinin inkişafına təsirsiz ötüşməyib. Xüsusilə yeni məktəb binalarının tikilməsinə və təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsinə diqqət daha böyükdür. Məqsəd indidən gələcəyimizin etibarlı təminatına yiyələnməkdir. Bu baxımdan dövlət siyasəti Salyanda da uğurla davam etdirilir. Belə ki son 5 ildə rayon ərazisindəki yararsız vəziyyətdə olan məktəblərin yerində ümumilikdə 1960 yerlik müasir tələblərə cavab verən 12 yeni məktəb binası tikilib. Özü də bu binaların hamısı ucqar kəndlərdədir. Qaraçala qəsəbəsində isə 1 uşaq bağçası inşa edilərək istifadəyə verilib. O cümlədən 11 məktəbin ərazisində 58 əlavə sinif otaqları tikilib. Bunlardan əlavə 5 kəndlərdə olmaqla 12 məktəb binası və 6 uşaq bağçası əsaslı təmir olunub. Şahmat evi həmçinin Uşaq Gənclər İdman Mərkəzinin idman zalı da tam yenilənib. Qeyd edəkki yeni tikilən məktəblərin 2 dövlət vəsaiti, 2 H. Əliyev Fondunun dəstəyi ilə qalanlarısa müxtəlif mənbələrin köməkliyi sayəsində inşa olunub. Əsaslı təmir işlərisə dövlət vəsaiti, H .Əliyev Fondunun təşəbbüsü və yerli imkanlar hesabına eləcədə FHN (2 nömrəli uşaq bağçası) xəttilə aparılıb. Xatırladaq ki, 2006 cı ildə istifadəyə verilən 400 yerlik İnternat ümumi orta məktəbinin açlış mərasimində prezident İ. Əliyev, 2008-ci ildə isə 220 yerlik Qardili kənd orta məktəbinin açlış mərasimində prezident İ. Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Digər təhsil müəssisələri

Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı
Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Hazırda filialda 130 nəfər çalışır. Filialin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Aslan Həsən oğlu Dəmirovdur.

Filialda aşağıdakı 4 ixtisasda bakalavr təhsili üzrə tələbə hazırlığı həyata keçirilir.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Riyaziyyat və informatika müəllimliyi
İbtidai sinif müəllimliyi
Məktəbəqədər təlim və tərbiyə
Hal-hazırda bu ixtisaslar üzrə 330 tələbə təhsil alır.

Bu ixtisasların tədrisi ilə 2 kafedra, "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti ", kompüter mərkəzi və "Tədris və tələbə şöbəsi " məşğul olur. Filialda 70 nəfər professor-müəllim heyəti çalışır ki, onlardan 1 nəfəri elmlər doktoru, 20 nəfəri müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru, 8 nəfəri magistrdir.Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 07 dekabr 2009-cu il tarixli 612 saylı sərəncamı ilə filialın direktoru dosent Dəmirov Aslan Həsən oğlu "Əməkdar müəllim" fəxri adına layiq görülmüş və filialın baş müəllimi Məmmədov Feyruz Əliqulu oğlu "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Təhsil Nazirinin 07 dekabr 2009-cu il tarixli 11/762 saylı əmri ilə filialın baş müəllimi Eyvazlı Rəşid Cəfərqulu oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilib. Filialın "İxtisasartırma və əlavə təhsil" şöbəsində 12 nəfər pedaqoji heyət dislokasiya ərazisində olan rayonların orta məktəb müəllimlərinin ixtisas artırması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olurlar.

Ünvan: 373800 Salyan şəhəri, Böyükağa Talıblı küç.3

Tel:(163) 4-66-18. Faks:(163) 4-66-18

Salyan Peşə Liseyi
Salyan Peşə Liseyi, Salyan şəhəri H. Əliyev küçəsi -96 saylı binada yerləşir. Salyan şəhərində 1941-ci ildən 104, 1974-cü ildən isə 76 saylı texniki peşə məktəbləri fəaliyyət göstərib. 1996-cı ildə Azərbaycan respublikası Nazirlər kabinetinin 116 saylı 23 avqust 1996-cı il tarixli qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 440 saylı 02 sentyabr 1996-cı il tarixli əmri ilə bu texniki peşə məktəbləri birləşdirilib.
Beləliklə, 02 noyabr 1996-cı ildən bu texniki peşə məktəblərinin bazasında Salyan Peşə Liseyi fəaliyyətə başlamışdır. Salyan Peşə liseyinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Qanuna, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 avqust 1996-cı il tarixli 116 saylı qərarı ilə təsdiq edilmiş əsasnaməsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi - normativ aktlarına və liseyin 659 №-li 05 dekabr 1996-cı il tarixdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir. Liseydə 18 əyani qrup üzrə 290 nəfər şagird ( 2010 / 2011-ci tədris ilinə olan vəziyyət) təhsil alır Bunlardan 275 nəfəri ümumi orta təhsil bazası üzrə, 15 nəfəri isə ödənişli təhsil bazası üzrə təhsillərini davam etdirirlər.

Salyan Peşə Liseyində aşağıda göstərilən 6 ixtisas üzrə ixtisaslı kadr hazırlığı aparılır.

VIII - 190 "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü".
VIII - 202 "Avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər".
VIII - 205 "Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik mantyoru, avtomobil sürücüsü".
IV - 84 "Mebel ustası".
VII - 173 "Əməliyyatçı-mühasib".
IV - 140 "Modelçi-dərzi".
Liseyin direktoru Feyzullayev Məmmədhəsən Səmədağa oğlu 1978-ci ildə Ç.İldırım adına Az.Pİ-nun "Mexanika" fakültəsinin "Avtomobil və avtomobil təsərrüfatları" şöbəsini bitirib "Mühəndis-mexanik" ixtisası almışdır. O, 1978-ci ildən 1983-cü ilə qədər rayonun təsərrüfat və müəssisələrində ayrı-ayrı vəzifələrdə çalışıb. 1983-cü ilin mart ayından 104 saylı Orta Texniki Peşə məktəbində müəllim, direktor müavini, 2000-ci ildən hal-hazıra kimi isə Salyan Peşə Liseyində direktor vəzifəsində çalışır. YAP-ın üzvüdür.

Liseyin telefon nömrəsi: (0163)-4-22-83