Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bu gün Xalq rəssamı Tahir Salahovun 90 yaşı tamam olur

30.11.2018

T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.

T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovananın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

Rəssamın əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.

T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında öz dəstxəti, öz nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında xoşbəxtlikdir.

("mct.gov.az" saytının materiallarından istifadə edilib)