12.06.2026
İyunun 11-də Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Memarlıq və müasir şəhərsalma: dayanıqlı gələcəyə doğru" adlı tədbir keçirilib.
Salyan Dövlət Kukla Teatrında baş tutan tədbirdə Salyan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Orxan Həsənzadə, mədəniyyət müəssisələrinin rəhbərləri və nümayəndələri, ziyalılar, ağsaqqallar və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə teatrın həyətində Salyan Tarix-Diyarşünaslıq Muzeyi, Salyan Dövlət Rəsm Qalereyası və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanın memarlıq irsini, şəhərsalma ənənələrini və ölkəmizdə həyata keçirilən müasir quruculuq proseslərini əks etdirən kitablar, rəsm əsərləri, fotoşəkillər və digər eksponatlar nümayiş olunub.
Tədbir sonra teatrın tamaşa salonunda davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu qərar milli memarlıq irsinin qorunması, şəhərsalma sahəsində müasir yanaşmaların təşviqi və gələcək nəsillərdə bu sahəyə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, Azərbaycanda son illər həyata keçirilən genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin müasir standartlara uyğun yenidən qurulması, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Çıxışlarda, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin Azərbaycanın müasir şəhərsalma siyasətinin parlaq nümunəsi olduğu vurğulanıb. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr milli memarlıq ənənələri ilə müasir texnologiyaların uğurlu vəhdətini özündə əks etdirir və bu ərazilərin regionun ən müasir yaşayış məkanlarına çevrilməsinə xidmət edir.
Tədbir Salyan rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət Məktəbinin xanəndə və musiqiçilərinin təqdim etdikləri bədii proqramla davam edib.