Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçalada “Vurğun sözü, Vurğun ömrü” adlı ədəbi-bədii gecə keçirilib

27.05.2026

Neftçala rayon Mədəniyyət Mərkəzi və Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “Vurğun sözü, Vurğun ömrü” adlı ədəbi-bədii gecə keçirilib.

Neftçala rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə bəxş etdiyi zəngin irsdən bəhs edərək, onun poeziyasının xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, şairin əsərlərində vətənə məhəbbət, insan sevgisi, milli kimlik və azərbaycançılıq ideyaları xüsusi yer tutur. Qeyd olunub ki, Səməd Vurğunun yaradıcılığı bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda həmçinin Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, söz sənətinə gətirdiyi yeniliklərdən və poeziyasının xalq tərəfindən daim sevildiyindən danışılıb. Şairin ölməz əsərlərinin milli ədəbi irsimizin qiymətli nümunələri olduğu diqqətə çatdırılıb.

Gecə çərçivəsində şairin unudulmaz “Aygün” poemasından səhnələşdirilmiş tamaşa nümayiş etdirilib. Böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim olunub, ölməz poeziyasından nümunələr səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Tədbir şairin məşhur “Azərbaycan” şeirinə bəstələnmiş mahnı ilə yekunlaşıb. Ədəbi-bədii gecə iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.