07.05.2026
Mayın 6-da Şirvan şəhər Mədəniyyət Mərkəzində “Azərbaycanın memarı və qurucusu Heydər Əliyev” adlı tədbir keçirilib. Şirvan şəhər Uşaq Musiqi Məktəbi və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-nin birgə təşkilatçılığı ilə reallaşan tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Xatirə Məlikova, idarə və müəssisə rəhbərləri, əməkdaşlar, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Digər çıxış edənlər də Heydər Əliyevin zəngin dövlətçilik irsindən danışaraq onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıblar.
Tədbirin bədii hissəsində Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-nin tələbələri tərəfindən musiqi nömrələri təqdim olunub. Səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və bədii kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.