26.02.2025
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov bildirib ki, bu gün biz Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri – Xocalı soyqırımının 33-cü ildönümünü anmaq üçün toplaşmışıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etdi. Bu amansız hücum nəticəsində 613 günahsız insan – qadınlar, uşaqlar, yaşlılar qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 150-dən çox insan itkin düşdü. Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir.
Bu faciə təkcə bir şəhərin məhvi deyil, bütövlükdə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım siyasətinin tərkib hissəsi idi. Xocalının məqsədyönlü şəkildə seçilməsi təsadüfi deyildi. Şəhər strateji əhəmiyyət daşıyır, Dağlıq Qarabağda yeganə hava limanının yerləşdiyi ərazi idi. Xocalının işğalı Ermənistanın bölgədə etnik təmizləmə siyasətini sürətləndirmək və Azərbaycanın ərazilərini işğal etmək üçün planlaşdırılmış addım idi. Dinc əhalinin kütləvi şəkildə məhv edilməsi isə Azərbaycan xalqını qorxutmaq və onun müqavimət ruhunu sındırmaq məqsədini daşıyırdı.
Lakin zaman Azərbaycan dövlətinin möhkəmlənməsinə, güclü ordunun qurulmasına və tarixi ədalətin bərpa olunmasına şərait yaratdı. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılmışdır. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş vüsət almış, bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını rəsmən tanımışdır. Dövlət başçısının səyləri nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırılır, tarixi həqiqətlərin təhrif edilməsinə imkan verilmir.
Daha sonra Biləsuvar rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub. Xocalıda vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi Xocalı sakini obrazı ilə tamaşaçılara çatdırılıb.
Çıxış edənlər “Xocalıya ədalət” kampaniyasına qoşularaq dəstək nümayiş etdiriblər.