Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhərində Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub.

17.10.2024

Şirvanda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş "Füzuli dünyasından dünyaya baxış" adlı ədəbi-bədii gecə keçirilib. Tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" müvafiq sərəncamının icrası çərçivəsində təşkil edilib. Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan gecəyə geniş ictimaiyyət nümayəndələri qatılıb.

 

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanları və regional təşkilatların nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstü ziyarət olunub, onun xatirəsinə ehtiram göstərilib və büstün önünə gül dəstələri düzülüb. Daha sonra tədbir iştirakçıları Şirvan Dövlət Rəsm Qalereyası və Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təşkil etdiyi Füzulinin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

 

Tədbirin davamı olaraq Şirvan Şəhər Mədəniyyət Mərkəzində müxtəlif ədəbi-bədii proqramlar təqdim edilib. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Məhəmməd Füzulinin "Vətənimdir", "Məni candan usandırdı" kimi əsərlərini səsləndirib, onun qəzəllərinə bəstələnən mahnılar ifa olunub. Mədəniyyət Mərkəzinin solisti Azər Həsənov "Əsgərin ariyası"nı məharətlə təqdim edib. Həmçinin şəhərin 16 və 20 nömrəli tam orta məktəbin şagirdləri "Söhbətül-əsmar" və "Leyli və Məcnun" poemalarından kompozisiyalar nümayiş etdiriblər.

 

Tədbirin keçirilməsində əsas məqsəd, Füzulinin zəngin ədəbi irsinin gənc nəslə çatdırılması və onun əsərlərinin dəyərinin bir daha vurğulanması olub. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Füzulinin ədəbi irsinə olan sevgi və hörmətin növbəti təzahürü kimi qiymətləndirilib.