Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mənim dünyam” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

25.05.2024

Neftçala Dövlət Rəsm Qalereyasında 27 yaşında dünyadan köçən fotoqraf, həvəskar rəssam və həkim Qəmbər Əlizadənin "Mənim dünyam" adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Sərginin açılış mərasimində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Şaiq Məmmədov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid ailələri, mədəniyyət, səhiyyə, təhsil işçiləri və ictimaiyyət iştirak edib.

İlk olaraq mərhum sənətçinin ruhu bir dəqiqəlik sükutla anılıb, ona həsr olunan film izlənilib. Çıxış edənlər bildiriblər ki, Qəmbər Dilavər oğlu Əlizadə Neftçalada doğulub. Tibb sahəsində təhsil alaraq elə bu sahədə çalışsa da incəsənətə meyilli olan Qəmbər Əlizadə fotoqraf kimi də məşhurlaşıb. Onun fotolarında günəş, dəniz, səhər və axşam mövzuları özünü daha çox qabarıq formada göstərib. O, həm də həvəskar rəssam kimi müxtəlif məzmunlu rəsm əsərlərinin müəllifi idi. Rəsm əsərləri əsasən portret və mənzərə janrındadır. 

O da qeyd olunub ki, Qəmbər Əlizadənin arzusu fərdi sərgisinin açılması idi, lakin bu ona sağlığında qismət olmadı. 21 sentyabr 2023-cü ildə 27 yaşında qəflətən dünyasını Qəmbər Əlizadənin özündən sonra yadigar qoyduğu 37 ədəd foto və rəsm əsəri qaldı. 

Çıxışlardan sonra sərgidə nümayiş olunan əsərlərə baxış olub.