24.05.2024
Salyan rayon Mərkəzi Kitabxananın əməkdaşı, şəhid anası Təranə xanım Qədirbəylinin doğum günü qeyd edilib.
Görüşdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və mədəniyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər Təranə Qədirbəyliyə uzun ömür, can sağlığı diləyib, şəhid oğlu İnqilab Qədirbəylinin ruhuna dualar oxuyublar. Təranə Qədirbəyli göstərilən diqqətə görə gələn qonaqlara təşəkkür edib və şəhid oğlu barədə xatirələrini bölüşüb. Sonra şəhid İnqilab Qədirbəylinin xatirəsinə yaradılan guşə ilə tanışlıq olub.
Qeyd edək ki, doğum günü qeyd edilən Təranə Qədirbəylinin oğlu İnqilab Qədirbəyli Vətən Müharibəsi başlayanda ordu sıralarına könüllü yazılaraq cəbhəyə yollanıb. O, 44 gün ərzində müharibədə iştirak edərək döyüşlərdə
şücaət göstərib, Füzuli, Qubadlı, Hadrut, Xankəndi, Daşaltı və bir çox
torpaqların işğaldan azad olunmasında yaxından iştirak edib. Onun son döyüşü isə Şuşada olub. İnqilab Qədirbəyli müharibənin başa çatmasına bir neçə saat qalmış, 9 noyabr 2020-ci il tarixdə səhər saatlarında aldıqları döyüş tapşırığına əsasən öz döyüş
yoldaşları ilə Xankəndi istiqamətində irəliləyərkən düşmənin atdığı top mərmisi
nəticəsində qəlpə yarası alıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 11 noyabrda isə yaşadığı Salyan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. İnqilab Qədirbəyli Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra "Füzulinin azad olunması", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.