19.04.2024
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Xalqın mədəni sərvəti" layihəsi çərçivəsində Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib. Konsertdə rayon rəsmiləri, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov, mədəniyyət nümayəndələri və ictimaiyyət iştirak edib.
Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov “Xalqın mədəni sərvəti” layihəsi haqqında məlumat verib. İdarə rəisi bildirib ki, layihənin əsas məqsədi bugünkü nəsli maarifləndirmək, eyni zamanda milli-mənəvi dəyərləri əks etdirən sənətkarlarımızı təbliğ etməkdir. Sonra Süleyman Ələsgərovun yaradıcılığı haqqında geniş məlumat verilib.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova isə çıxışında qeyd edib ki, yaradıcılıq tədbirlərin regionlarda keçirilməsi mədəni irsimizə diqqətin təzahürüdür.
Konsertdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Uşaq Musiqi Məktəbi, Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbi, Salyan rayon Yenikənd kənd Uşaq Musiqi Məktəbi, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi və Hacıqabul rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivlərinin ifasında Süleyman Ələsgərovun bəstələri təqdim edilib. Bəstəkarın “Rəqs-tokkata", “Vətənimdir”, “Daimi hərəkət”, “Gözəl Şuşam”, “Xatirə”, “Sözsüz mahnı”, “Şalaxo”, “Vağzalı çalınır” və digər əsərləri tamaşaşılar tərəfindən maraqla qarşılanıb.