Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

26.02.2024

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

Təşkil olunan tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

İlk olaraq Neftçala Dövlət Rəsm Qalereyasının təqdim etdiyi sərgiyə baxış keçirilib. Sonra tədbir mərkəzin tamaşa salonunda davam etdirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər ermənilərin Xocalıda törətdikləri qətliam haqqında danışıblar. Bildirilib ki, artıq Xocalı düşmən tapdağından xilas olunub və faciə qurbanlarının ruhu bu gün şaddır.

Sonra Biləsuvar rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəncərə” teatrı “Qisas” tamaşasını təqdim edib. Tamaşada xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından bəhs olunur.

Yazıçı-publisist Ruhiyyə Abbaszadənin “Qisas” hekayəsinin motivləri əsasında hazırlanan tamaşanın rejissorları İlqar Dadaşov və Cahangir Məlikovdur. Səhnə əsərində rolları Adil Əhmədov, Cahangir Məlikov, Günel Mirzəyeva, Seymur Həsənov, Sevil Əliyeva, Ceyhun Haxverdiyev, Vasif Əsgərov və Harun Haxverdiyev ifa ediblər. 

Tamaşadan sonra saat 17:00-da Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla anılıb.