Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçalada beynəlxalq elmi konfrans keçirilib.

22.12.2023

Neftçalada beynəlxalq elmi konfrans keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, neftçalalı alimlərin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Neftçala rayon Heydər Əliyev Mərkəzində baş tutan konfransda respublikanın tanınmış dilçi alimləri ilə yanaşı Türkiyə, Çin, İngiltərə kimi xarici ölkələrdən olan alimlər və gənc tədqiqatçılar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova qeyd edib ki, bugünkü konfrans çox vacib bir mövzuya həsr olunub və qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Kofransda fəxri qonaq qismində iştirak edən Neftçala Rayon İcra Hakimyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Gülbağda Leysanova çıxış edərək ümummilli lider Heydər Əliyevin ana dilimizin inkişafı və qorunması ilə bağlı həyata keçiridiyi məqsədyönlü siyasətin əhəmiyyətini xüsusi vurğulayıblar. Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova "AZLİNG2022-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfransın materialları əsasında nəşr olunan linqvistik toplunun təqdimatını edərək, kitabın uğurlu elmi araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfə olduğunu vurğulayıb.

Tədbir Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. Forumda çıxış edənlər ümumilli lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, Azərbaycan dilçiliyinin son nailiyyətləri, dilimizin saflığının qorunması yönündə həyata keçirilən islahatlar, tərcüməşünaslığın aktual problemləri haqqında fikirlərini auditoriya ilə bölüşüblər. Forum müzakirə formatında işini davam etdirib.

Konfrans panel iclaslarla davam edib, Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 85 alim aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim ediblər. Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və növbəti ildə “AZLİNG2024” konfransının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, elmi konfrans prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq üçüncü ildir keçirilir.