02.12.2023
3 dekabr Beynəlxalq Əlillər Günü mədəniyyət müəssisələrində qeyd edilib
Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Reabilitasiya Mərkəzi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Biz birlikdə güclüyük!” adlı tədbirdə rəngarəng musiqi nömrələri təqdim edilib.
Salyan rayon Heydər Əliyev Mərkəzi və "Murad" Əlillər İctimai Birliyinin birgə təşkil etdiyi "Əngəlləri cəsarətlə aşanlar" adlı tədbirdə qeyd olunub ki, onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır. Sonra fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib, mahnılar və rəqslər təqdim edilib.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlar arasında maraqlı oyunlar və viktorinalar təşkil olunub.
Şirvan şəhər Mədəniyyət Mərkəzinin Hacıqəhrəmanlı qəsəbə "Sənətkarlıq" klubu və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Əlillərə qayğı göstərək" adlı tədbirdə çıxış edənlər dövlətin əlillərə göstərdiyi dəstək və qayğıdan bəhs ediblər.