25.11.2023
Biləsuvar rayonunda “Hind toyuğu Festivalı” keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və “Azər Home Chef” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda hind toyuğu ətindən hazırlanan müxtəlif yeməklər qonaqlara təqdim edilib.
Rayonun Mərkəzi Parkında təşkil olunan möhtəşəm festivalda yerli və xarici qonaqlar iştirak ediblər.
Festivala rəng qatan müxtəlif səpkili tədbirlər, oyunlar, viktorinalar keçirilib, sərgilər və rəsm əsərləri nümayiş olunub. Festival boyu Biləsuvar rayonundan başqa Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Lənkəran, Astara, Masallı, İsmayıllı, Şamaxı və başqa bölgələrdən gələn tanınmış mədəniyyət və incəsənət ustalarının, bədii folklor kollektivlərin ifasında geniş konsert proqramı təqdim edilib, Salyan Dövlət Kukla Teatrının ifasında səhnəciklər nümayiş etdirilib.
Bundan başqa klub tipli müəssisələrinin diyarşünaslıq, bədii oyma, dekorativ-tətbiqi sənət və təqdim edilən başqa sənət sərgiləri festival iştirakçılarının diqqətini çəkib. Festival boyu rəsm sənəti, bədii oyma, vitraj üzrə master-klasslar təşkil edilib.