Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (01.07.2021-ci il tarixədək)

22.06.2021

16 İYUN

1888 – Xalq artisti, teatr xadimi Hacıağa Mütəllib oğlu Abbasov (1888 – 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927–1929), Bakı Teatr Texnikumuna (1929–1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.

1932 – Əməkdar artist, tanınmış aktyor, televiziya rejissoru Tofiq İbrahim oğlu Mirzəyev Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Ən vacib müsahibə” və s. filmlərə çəkilib. Hazırda İsraildə yaşayır.

1939 – Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

1945 – Əməkdar mədəniyyət işçisi, aşıq Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.

1948 – Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Zakir oğlu Bağırov anadan olub. Moskvada Bolşoy Teatrda çalışıb. 1986-cı ildən Türkiyədə yaşayır, İstanbul Opera və Balet Teatrının baş dirijorudur.

1964 – Xalq artisti, vokalçı Qərinə Rəhim qızı Kərimova anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

1973 – Əməkdar artist Elçin Adil oğlu Qədimov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1978 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1.9.1931 – 1978) vəfat edib. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.

17 İYUN

1926 – Xalq rəssamı Elbəy Həsən oğlu Rzaquliyev (1926 – 15.9.2007) anadan olub. Əsərləri bir sıra xarici ölkələrdə sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

1937 – Azərbaycan K(b)P MK Gəncə Dram Teatrı üçün bina tikilməsi ilə bağlı qərar qəbul edib. Teatr 1933-cü ildə Bakıdan Gəncəyə köçürülən Türk İşçi Teatrının bazasında yaradılmışdı.

1947 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, opera müğənnisi Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqədə laureat adına layiq görülmüş (1977, C.Vioti adına müsabiqə, İtaliya) ilk azərbaycanlı xanım vokalçıdır. 1974-cü ildən Opera və Balet Teatrında çıxış edib. Bakı Musiqi Akademiyasının professorudur.

1950 – Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov Cəfər Namiq Kamal oğlu) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, Akademik Milli Dram Teatrının aktyorudur. Televiziya tamaşaları və filmlərdə maraqlı rollar oynayıb.

1951 – Əməkdar incəsənət xadimi, kinooperator Adil Möhsün oğlu Abbasov anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin müəllimdir.

1954 – Tanınmış fortepiano ifaçısı, pedaqoq Rəna Mithəd qızı Mustafabəyli-Şereşevskaya Bakıda doğulub. Fransada yaşayır, Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin professorudur.

1956 – Fəlsəfə elmləri doktoru Vilayət İsmayıl oğlu İsmayılov Ağstafa şəhərində anadan olub. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru işləyib.

1959 – Əməkdar artist Ofelya Sabir qızı Nəzirova anadan olub. Azərbaycan Televiziyasının əməkdaşıdır.

1972 – Əməkdar artist Nicat Mirəziz oğlu Kazımov anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir.

18 İYUN

18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür. 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.

1917 – Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Əhməd Cövdət İsmayıl oğlu Hacıyev (1917 – 18.1.1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, səkkiz simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib. Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

1936 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Fəhlə Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrı adlandırılıb. Teatrın rus bölməsi 1928-ci ilin 5 oktyabrında yaradılmış, Azərbaycan bölməsi 1930-cu ilin 30 yanvarında fəaliyyətə başlamışdı.

1952 – Xalq artisti, tanınmış estrada müğənnisi, bəstəkar Sərxan Sərxan (Sərxan Rəşid oğlu Qurbanbəyov) Bakıda anadan olub.

1953 – Əməkdar mədəniyyət işçisi Tamilla Muxtar qızı Muxtarova anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışır.

2001 – Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifaya keçib, bütün rəsmi yazışma və sənədləşmələr latın qrafikasında aparılmağa başlanıb.

2002 – Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.

19 İYUN

1893 (yeni təqvimlə 1 iyul) – Tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi (1959), SSRİ Xalq rəssamı Pinxos (Pyotr) Vladimiroviç Sabsay (1893–1980) Odessada doğulub. Bakıda M.F.Axundzadənin, əmək qəhrəmanları və mədəniyyət xadimlərinin heykəl və büstlərinin müəllifi olub.

1900 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tifisdə doğulub. Tifisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

1924 – Tanınmış ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924–2011) Astara rayonunun Ərçivan kəndində anadan olub.

1933 – Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933–1986) anadan olub.

1934 – Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik “Azərbaycan Ensiklopediyasının nəşri haqqında” qərar qəbul edib. Lakin bu qərar həyata keçmədi. 70–80-ci illərdə 10 cildlik Azərbaycan Ensiklopediyası nəşr edildi.

1961 – Əməkdar incəsənət xadimi Əsgər Əkbər oğlu Əsgərov Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rejissoru işləyib.

1978 – Əməkdar artist İbrahim Məcnun oğlu Qaradağlı (1907–1978) vəfat edib. Ağdaş teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.

21 İYUN

1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794– 1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819– 1845-ci illərdə çar Rusiyasının Tifisdəki Qafqaz Baş Hərbi İdarəsində tərcüməçi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

1933 – Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 – 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub.

1947 – Əməkdar rəssam Namiq Məmmədəli oğlu Zeynalov Bakıda doğulub. Rəngkarlıq və heykəltəraşlıq əsərlərinin, Belçikada ucaldılan “Dədə Qorqud” kompozisiyasının müəllifidir.

1953 – Əməkdar incəsənət xadimi, sənətşünas, professor Leyla Camal qızı Axundzadə (1953 – 10.2.2010) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində, Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri olub, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri (2006–2010) işləyib.

1953 – Xalq artisti, dirijor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqili Komediya, Akademik Opera və Balet teatrlarının baş dirijoru işləyib. Bakı Musiqi Akademiyasının professorudur.

1954 – Xalq artisti, dirijor Fəxrəddin Nuri oğlu Kərimov anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın professorudur.

2012 – Azərbaycan Respublikası Kinematoqrafçılar İtifaqı təsis olunub. Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan itifaqın sədri seçilib.

23 İYUN

23 iyun “Dövlət qulluqçularının peşə bayramı” günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün Azərbaycanda da Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.

1923 – Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 – 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir.

1925 – Xalq artisti, ilk azərbaycanlı qadın – teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925–2018) anadan olub. 30 ilə yaxın Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının professoru olub.

1949 – Əməkdar mədəniyyət işçisi Olya Zəbi qızı İslamova anadan olub. Sumqayıt Şəhərinin Tarixi Muzeyinin direktorudur.

1960 – Əməkdar incəsənət xadimi, musiqişünas Kamilə Hüseyn qızı Dadaşzadə anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1962 – Əməkdar artist Elçin Yəhyabala oğlu Allahverdov anadan olub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balet üzrə repetitorudur.

2003 – Prezident Heydər Əliyev “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Çıraqqala” tarixi abidələr kompleksi tarixi qoruq elan edilib.

2018 – Prezident İlham Əliyev Sovet İtifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

24 İYUN

1919 – Bakıda bolşeviklərin təşəbbüsü ilə fəhlə klublarının konfransı keçirilib. Konfransda Mərkəzi Fəhlə klubunun idarə heyəti seçilib. Klub faktiki olaraq Bakıda kommunist hərəkatının qərargahına çevrilmişdi.

1944 – Əməkdar mədəniyyət işçisi, kino istehsalı təşkilatçısı Faiq Məmmədəli oğlu Əliyev (1944–2015) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Film Fondunda işləyib.

1939 – Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi (1939 – 31.8.1968) Təbrizdə anadan olub. “Ulduz və qarğalar”, “Balaca qara balıq” və s. kitabların müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edib.

1954 – Əməkdar mədəniyyət işçisi Vaqif Mahmud oğlu Bağırzadə anadan olub. Bakı Dövlət Sirkinin direktorudur.

1955 – Tanınmış jurnalist Nəcəf Adil oğlu Nəcəfov (1955 – 17.12.1999) Bakıda doğulub. Ali Sovetin deputatı olub. Ölümündən sonra “Şöhrət” ordeni ilə (2005) təltif edilib.

1985 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916– 1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.

2008 – Parisdə, UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının (müsəlman Şərqində ilk opera) 100 illiyi qeyd edilib.

2013 – Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

25 İYUN

1907 – Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 – 24.12.1979) Şəkidə doğulub. 1923-cü ildən Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

1930 – Şair Şərif Yusif oğlu Tahirli Qəbələ rayonunun Xırxatala kəndində anadan olub.

1939 – Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939–2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

1940 – Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940–2007) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

1943 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Niftəliyev anadan olub.

1946 – Əməkdar memar Faiq Hüseyn oğlu Yüzbaşov anadan olub.

1947 – Yazıçı-dramaturq Hüseynbala Fazil oğlu Mirələmov Lerik rayonunun Nuravud kəndində anadan olub. “Xəcalət”, “Vicdanın hökmü”, “Vəsiyyət” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.

1952 – Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Rəhimağa qızı Dadaşova anadan olub.

1968 – Əməkdar mədəniyyət işçisi, rəssam Gülsüm Həsən qızı Kəngərli Naxçıvan MR Babək rayonunun Vayxır kəndində anadan olub.

1976 – Əməkdar incəsənət xadimi, rejissor, aktyor Ağarza Səməndər oğlu Quliyev (22.12.1898 – 1976) dünyasını dəyişib. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib, filmlərə çəkilib.

2002 – “Televiziya və radio yayımı haqqında” qanun qüvvəyə minib.

2013 – Bakıda Azərbaycan peşəkar milli teatrının 140 illiyi ilə bağlı Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamına uyğun olaraq təntənəli yubiley mərasimi keçirilib. 

2014 – Prezident İlham Əliyev Xalq şairi, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

2014 – II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival iyunun 29-dək davam edib.

26 İYUN

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

1922 – Əməkdar memar Şəfiqə Mikayıl qızı Zeynalova (1922–1979) anadan olub.

1929 – Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

1945 – Əməkdar incəsənət xadimi, kinooperator Valeri Sultan oğlu Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

1946 – Əməkdar artist Əli Məmməd oğlu Salahlı (Salayev; 1946–2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

1949 – Xalq artisti, rejissor Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Sumqayıt Dram Teatrının bas rejissoru olub. 1981-ci ildən Milli Dram Teatrında çalışır, teatrın baş rejissoru olub. Gənc Tamaşaçılar, Naxçıvan və digər teatrlarda tamaşalar qoyub, filmlər (“Mənim ağ şəhərim”, “Qırmızı qar”) çəkib.

1967 – Əməkdar mədəniyyət işçisi, xoreoqraf Lüdmila Restemovna Qutlyanskaya anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında çalışır.

27 İYUN

1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.

1951 – Əməkdar incəsənət xadimi, aşıq Əsəd Əhməd (Məhəmməd) oğlu Rzayev (1874, Tovuz – 1951) vəfat edib.

1959 – Xalq artisti Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəhəsənov Balakən rayonunda doğulub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur, filmlərdə çəkilib.

1971 – Əməkdar mədəniyyət işçisi, kinooperator Nadir Hüseyn oğlu Mehdiyev anadan olub.

1974 – Azərbaycan peşəkar milli teatrının 100 illik yubileyi ilə bağlı Dövlət Akademik Dram Teatrının Moskvaya qastrol səfəri başlayıb.

1982 – Əməkdar artist, caz pianoçusu Emil Əfrasiyab ( Emil Əfrasiyab oğlu Məmmədov) Bakıda anadan olub.

2010 – Şəki şəhərində “İpək Yolu” 1-ci Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival iyulun 2-dək davam edib. Ənənəvi festival hər il Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İtifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

2013 – Xalq artisti, məşhur aktyor Siyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 – 2013) vəfat edib. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), kinoda (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “O dünyadan salam” və s.) yaddaqalan obrazlar yaradıb.

28 İYUN

1842 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842 – 28.11.1907) anadan olub. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.

1914 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 – 14.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrının aktrisası olub, bir müddət Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

1925 – Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 – 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan” və s. filmlərdə mahnıları ifa edib.

1935 – Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev) çəkilib.

1947 – Əməkdar incəsənət xadimi, kinooperator Yuri Yuryeviç Varnovski Bakıda anadan olub. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.

1982 – Əməkdar artist Tural Eldar oğlu Abdullayev Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistidir.

2018 – Prezident İlham Əliyev Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019 – Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması (Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq evinin rekonstruksiyası və təmiri) ilə bağlı sərəncam imzalayıb.

29 İYUN

1913 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şiller – “Məkr və məhəbbət”, A.P.Çexov – “Albalı bağı”, E.L.Voyniç – “Ovod”, A.Puşkin, M.Lermontov və b. şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.

1940 – Tanınmış memar, professor, respublika Dövlət mükafatı laureatı Ramiz Həmid oğlu Əbdürrəhimov Bakıda anadan olub.

1942 – Əməkdar incəsənət xadimi Rimma Şahbabayevna Məmmədova anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının müəllimidir.

1944 – Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu (Əliyev) Füzuli şəhərində anadan olub. Əsərləri müxtəlif dillərə tərcümə olunub. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. Filmlərə çəkilib.

1948 – Xalq rəssamı Nazim Zöhrab oğlu Bəykişiyev Bakıda anadan olub. Musiqili Komediya, Gənclər, Sumqayıt teatrlarında quruluşçu rəssam və baş rəssam işəyib. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamıdır.

1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.

1959 – Əməkdar mədəniyyət işçisi Ədalət Qasım oğlu Hacıyev anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur.

1979 – Əməkdar artist Elxan Musa oğlu Rzayev Sumqayıt şəhərində anadan olub. Bakı Bələdiyyə Teatrının aktyorudur.

1984 – Əməkdar artist İlkin Qəmbər oğlu Əhmədov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

2007 – UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən 31-ci sessiyasında Qobustan Tarix-Bədii Qoruğu təşkilatın Dünya irs siyahısına daxil edilib.

30 İYUN

1812 (yeni təqvimlə 12 iyul) – Mütəfəkkir yazıçı, böyük dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850–1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyanın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

1934 – Azərbaycan Bəstəkarlar İtifaqı yaranıb. Asan Refatov itifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı A.Refatov Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə prorektor təyin edilmişdi. O, Bəstəkarlar İtifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.

1952 – Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, tərcüməçi, fəlsəfə elmləri doktoru Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) Gədəbəy rayonunun İsalı kəndində doğulub. 30-dan çox pyesin, povest və romanların müəllifidir.

2019 – Bakıda, Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi olub. Sessiyaya ümumilikdə 180-dək ölkədən 2500-dən çox nümayəndə qatılıb. Sessiyanın iclasları iyulun 1-dən 10-dək Bakı Konqres Mərkəzində keçirilib.