Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.01.2021-ci ilədək)

29.12.2020

1 YANVAR

1880 – Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 – 17.10.1975) Ağdaş rayonunda anadan olub.

1883 – Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883– 1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Əsərləri: “Şahzadə və Əbdül”, “Duman”, “Cəng”, “Dan ulduzu” və s. Azərbaycan Dövlət Arxivinin müdiri (1923–1927) olub.

1909 – Səs operatoru, aktyor Ağahüseyn Əşrəf oğlu Kərimov (1909–1991) anadan olub. 1940-cı illərdən “Azərbaycanfilm” kinostudiyasında bir çox filmlərdə səs operatoru işləyib, “Ad günü”, “Yaramaz” və s. filmlərə çəkilib.

1925 – Yazıçı Emin Qasıməli oğlu Mahmudov (1925–2009) Göyçay şəhərində anadan olub. Uşaq və gənclər üçün kitabların, fantastika mövzusunda əsərlərin müəllifidir: “Kainat gəmisi”, “Zülmət dənizi”, “Atlant qızı” və s. Rus ədəbiyyatından tərcümələr edib.

1929 – Azərbaycanda ərəb əlifasından latın qrafikalı əlifaya keçid başlanıb. Yeni əlifaya keçid Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin 1928-ci il 21 iyul tarixli qərarına əsasən gerçəkləşib.

1930 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930– 1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “İnsan düşünür”, “Gecikmiş heykəl”, “Yanıq Abdullanın yuxuları” və s.

1934 – Azərbaycan Sovet Yazıçıları İtifaqının orqanı – “Ədəbiyyat” qəzeti nəşrə başlayıb.

1937 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1937 – 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1937 – Əməkdar memar Arif Mehdi oğlu Mehdiyev anadan olub.

1939 – Qazax Dövlət Kolxoz və Sovxoz Teatrı (1943-cü ildən Qazax Dövlət Dram Teatrı) fəaliyyətə başlayıb.

1940 – Azərbaycan SSR-də latın qrafikalı əlifadan kiril (rus) qrafikalı əlifaya keçid gerçəkləşib. 1939-cu il iyulun 11-də SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.

1940 – Əməkdar incəsənət xadimi, bəstəkar Nərgiz Mahmud qızı Şəfiyeva anadan olub.

1941 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Məmməd Qoca oğlu Qocayev anadan olub. Rus yazıçısı F.M.Dostoyevskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bakı Slavyan Universitetinin kafedra müdiridir.

1945 – Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, professor Röya Seyfəddin qızı Tağıyeva anadan olub. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru (1982–2016) işləyib.

1946 – Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Hüseynqulu oğlu Məmmədli Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür.

1947 – Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 – 3.6.2006) Ağsu rayonunda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Qatır Məmməd”, “Üzeyir ömrü” və s.), televiziya tamaşalarında (“Günahsız Abdulla”, “Topal Teymur”) yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001–2005) olub.

1951 – Dramaturq, telessenarist Əhməd Orucoğlu (Əhmədağa Orucəli oğlu Əliyev Bakıda anadan olub. Əsərləri müxtəlif teatrlarda tamaşaya qoyulub, televiziyada ekranlaşdırılıb.

1951 – Əməkdar mədəniyyət işçisi Tahir Məmməd oğlu Bağırov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışır.

1954 – Əməkdar mədəniyyət işçisi Kamal İlyas oğlu Babayev Şərur rayonunun Danyeri kəndində doğulub. “Şərur” Xalq yallı ansamblının üzvüdür.

1957 – Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Vəli oğlu Abbas Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. “Azərbaycanfilm” kinostudiyasında işləyir, çoxsaylı sənədli filmlərin müəllifidir.

2 YANVAR

1936 – Musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Zərifə Musa qızı Bakıxanova (1936–2014) anadan olub.

1937 – Xalq rəssamı, heykəltəraş Arif Şamil oğlu Qazıyev İrəvan şəhərində doğulub. Müxtəlif mövzularda əsərlər, görkəmli şəxsiyyətlərinin heykəl və büstlərini (Hüseyn Cavidin büstü – şairin Naxçıvandakı ev-muzeyində) yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1944 – Əməkdar artist Qurban Məmiş oğlu Abbasov (1944–1998) anadan olub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

1945 – Görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (1945 – 27.3.1986) Ağsuda anadan olub. Milli Dram Teatrında çalışıb. “Nəsimi”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə çəkilib, filmlərin dublyajında iştirak edib. Televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb, “Bulaq” radio verilişinin aparıcısı olub.

1950 – Şair, yazıçı, ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu (Əliyev) Qubadlı rayonunun Çardaxlı kəndində doğulub. Kitabları: “Ocaq yeri”, “Aylı cığır”, “Qəm karvanı” və s.

1991 – Mədəniyyət Nazirliyinin mətbu orqanı – “Mədəniyyət” qəzetinin ilk sayı çapdan çıxıb. 

3 YANVAR

1907 – Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

1917 – Üzeyir Hacıbəylinin eyniadlı operetası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı “Forum” kinoteatrında ilk dəfə nümayiş olunub. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə ekrandan çıxarılıb. Filmin rejissoru Boris Svetlov, operator Qriqori Lemberq idi. Əsas rolları Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) oynamışdı.

1927 – Tanınmış satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 31.1.1879 – 1927) vəfat edib. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyəti nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.

1943 – Xalq rəssamı Arif Möhübəli oğlu Əzizov anadan olub. Abşeron mövzusunda əsərlərin, qrafik portretlərin, plakatların və s. müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dekorativ-tətbiqi sənət kafedrasının kafedra müdiridir.

1944 – Əməkdar rəssam Arif Qəndi oğlu İsmayılov (1944 – 9.10.2014) anadan olub.

1956 – Əməkdar mədəniyyət işçisi Rafiq Səfər oğlu Rəhimli Lənkəran şəhərində anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi dram hissə müdiridir.

1957 – Əməkdar mədəniyyət işçisi Əlibala Ənvər oğlu Məmmədov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında pirotexnika üzrə mütəxəssis işləyir.

1999 – Prezident Heydər Əliyev Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqovun 100 illik yubileyi və Xalq artisti, teatr rejissoru İbrahim Tağı oğlu Həmzəyevin 90 illik yubileyi haqqında sərəncamlar imzalayıb.

4 YANVAR

1932 – Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 – 1932) vəfat edib. Realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına töhfələr verib. 1906 – 1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

1938 – Əməkdar artist, balerina, xoreoqraf Tamilla Nəzər qızı Məmmədova Bakının Əmircan qəsəbəsində doğulub.

1943 – Xalq rəssamı, heykəltəraş Səlhab İsa oğlu Məmmədov Şəki şəhərində anadan olub. Berlində ucaldılmış “Xocalı” abidəsinin, Roma şəhərindəki “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin həmmüəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.

1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878–1946) vəfat edib. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri” və s.

1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov Zaqatalada doğulub. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”), televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi” və s.) yaddaqalan rollar oynayıb.

1950 – Tanınmış aktrisa, Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Azərbaycanfilm” kinostudiyasında “Alma almaya bənzər”, “Dədə Qorqud”, “Qayınana” filmlərində çəkilib.

1958 – Qara Qarayevin “İldırımlı yollarla” baleti ilk dəfə Sankt-Peterburq Böyük Opera və Balet Teatrında (Mariinski Teatrı) nümayiş olunub. Balet Azərbaycan Dövlət Akademik Dram Teatrında 1960-cı ilin 25 dekabrında tamaşaya qoyulub.

1977 – Əməkdar artist, truba ifaçısı Sirus Arif oğlu Məmmədov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin konsertmeysteridir.

1979 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sovet teatr sənətinin inkişafında xidmətlərinə görə “Şərəf Nişanı” ordeni ilə təltif edilib.  

1983 – Tanınmış rəssam İbrahim Səfi (İbrahim Qafar oğlu Səfiyev, 1898–1983) İstanbulda vəfat edib. Naxçıvanda doğulub. Türkiyədə yaşayıb-yaradıb. Atatürkün portretini çəkən ilk rəssamlardan biridir.

2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 – 2000) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

2003 – “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib. Qanun Azərbaycan dilinin hüquqi statusunu tənzimləyir.

5 YANVAR

1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 – 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacibəylinin xalası oğludur. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını (o cümlədən “Leyli və Məcnun”da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

1887 – Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 – 30.6.1967) аnаdаn оlub. Qəzəl və qoşmalar yazıb.Tanınmış tarzənlər Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.

1910 – Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 – 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.

1921 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiyası əski (ərəb qrafikalı) əlifanı yenisi ilə əvəz edilməsi, latın qrafikalı Azərbaycan əlifasına keçilməsinin vacibliyi barədə qərar qəbul edib.

1924 –Azərbaycanın ilk epiqrafçı qadın alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Məşədixanım Sədulla qızı Nemətova (1924 – 26.12.2016) Bakıda anadan olub. 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu tərtib edib.

1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 – 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, “Məni qınamayın”, “Qızburunda tək məzar” povestləri və s. əsərlərin müəllifidir.

1927 – Yazıçı, şair, Əməkdar incəsənət xadimi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanları, “Dönüş”, “Təbrizdə bir gecə” poemaları və s. əsərlərin müəllifidir.

1948 – Əməkdar mədəniyyət işçisi Fərhad Ağa Səlim oğlu Babayev Bakıda anadan olub. Heydər Əliyev Sarayının direktorudur.

1949 – Əməkdar artist Kübrabəyim Ağa qızı Əliyeva Gəncə şəhərində anadan olub. Sumqayıt, Musiqili Komediya teatrlarında çalışıb, televiziya tamaşalarında, filmlərdə (“Sonuncu məhəbbət”, “Güllələnmə təxirə salınır”) çəkilib. 

1951 – Əməkdar mədəniyyət işçisi, bəstəkar Məmmədağa Hacıağa oğlu Dadaşov anadan olub.

1954 – Əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar (Asim Yediyar oğlu Əliyev) Naxçıvan MR Şərur rayonunun Püsyan kəndində anadan olub. Naxçıvan MR Yazıçılar Birliyinin sədridir.

1955 – Əməkdar artist Fərhad İsrafilov anadan olub. Yuğ Dövlət Teatrında çalışır, “Yeddi oğul istərəm”, “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.

6 YANVAR

1893 – Xalq artisti Pyotr Borisoviç Yudin (1893–1977) anadan olub. 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

1907 – Görkəmli aktyor, SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (Mirzə Fətəli), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.

1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914–1999) Tifisdə anadan olub. Rəşid Behbudovun böyük bacısıdır. Tifis Azərbaycan Teatrında, Musiqili Komediya Teatrında çalışıb, filmlərə çəkilib.

1938 – Baletmeyster, Əməkdar incəsənət xadimi Yuliana Yusif qızı Əlikişizadə Bakıda doğulub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri olub.

1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə, 5.6.1908 – 1938) dünyasını dəyişib. Yeniyetmə vaxtlarından yaradıcılığa başlayan Müşfiq repressiya qurbanı olub. Pantürkizm və millətçilikdə itiham edilərək güllələnib.

1947 – Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Ənvər Abbasqulu oğlu Əbluc anadan olub. Quruluş verdiyi filmlər: “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Tərsinə çevrilmiş dünya” və s.

1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901 – 1962) vəfat edib. Həştərxanda doğulub, 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər” və s. filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.

1979 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edib. Qərara əsasən, ənənəvi Nizami poeziya günləri keçirilməyə başlanıb, Bakının rayonlardan birinə şairin adı verilib (1980).

1984 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Ədəbiyyat və incəsənət” qəzeti “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib.

7 YANVAR

1907 – Görkəmli geoloq, akademik Mirəli Seyidəli oğlu Qaşqay (1907 – 23.4.1977) Gəncədə anadan olub. Alimin fundamental tədqiqat əsərləri dünya elminə qiymətli töhfədir.

1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919–2002) anadan olub. 1950-80-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında 100-dək sənədli film çəkib, Dövlət mükafatına layiq görülüb.

1927 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların müəllifidir.

1999 – Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (16.6.1939 – 1999) vəfat edib. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

8 YANVAR

1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903–1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Batumidə teatr tamaşalarında, 1922-ci ildən Tifisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Akademik Milli Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub.

1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi”, “Arşın mal alan” (1945), “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

1963 – Əməkdar artist Sevda Nəbi qızı Orucova anadan olub. Gəncə Dövlət Dram Teatrının aktrisasıdır.

1964 – Xalq artisti, vokal ifaçısı Əkrəm Nicat oğlu Poladov Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

1975 – Əməkdar artist Şəhla Seidşah qızı Əlizadə anadan olub. Filarmoniyanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin solistidir.

1981 – Moskvada Azərbaycan kinosu günləri başlayıb.

9 YANVAR

1930 – Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930–1984) anadan olub.

1936 – Əməkdar rəssam, heykəltəraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub. Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin həmmüəllifidir.

1949 – Xalq artisti İlham Namiq Kamal (Əhmədov) Bakıda anadan olub. Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb. “Qayınana”, “Bəyin oğurlanması” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. 2005-ci ildən Akademik Musiqili Teatrda aktyor-rejissor işləyir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1991 – “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961–1991) Laçın rayonunda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1991 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İstiqlal Muzeyi yaradılıb. Qərara əsasən, “Azərbaycanda inqilabi-demokratik hərəkat tarixi və döyüş şöhrəti muzeyi” İstiqlal Muzeyi adlandırılıb.

2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995–2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008–2016) olub.

10 YANVAR

1929 – Tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 – 26.9.2009) Qərbi Azərbaycanın (Ermənistan SSR) Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan onomastikası” və s. kitabların müəllifidir.

1932 – Musiqişünas, professor Еlmirа Əbdülhəmid qızı Аbаsоvа (1932 – 12.2.2009) anadan olub. Üzeyir Hacıbəylinin yaradıcılığı, Cövdət Hacıyev, Rəşid Behbudov və başqa sənətkarlar haqqında kitabların müəllifidir. Konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) rektoru (1977–1991) olub.

1937 – Əməkdar artist Nisə Heydər qızı Rzayeva (1937–2017) Naxçıvanda anadan olub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb.

1938 – Bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 – 11.2.2012) Hacıqabulda anadan olub. “Yanan laylalar” operasının (libretto – Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə” və s.), romansların müəllifidir.

1939 – Xalq artisti Məmmədəli Bəşir oğlu Balayev anadan olub. 1962-ci ildən (müəyyən fasilə ilə) Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

1942 – Əməkdar incəsənət xadimi Baba Fazil oğlu Rzayev (1942 – 2.12. 2014) Lerik rayonunun Çayrud kəndində doğulub. Lənkəran Dövlət Dram Teatrında rejissor, baş rejissor işləyib.

1948 – Xalq artisti Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bico kəndində anadan olub. Sumqayıt teatrında çalışıb. 1986-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. Filmlərdə çəkilib.

1949 – Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub. 20 Yanvara həsr olunmuş “Şəhidlər” kitabının, sənədli və cizgi filmlərinin ssenari müəllifidir.

1949 – Əməkdar memar Sənan Əmir oğlu Salamzadə anadan olub.

1953 – Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 – 28.11.2011) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında (“Kişilər”, “Yollar görüşəndə”) maraqlı rollar oynayıb.  

1954 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi, ssenarist Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqi yazılıb, sənədli filmlərin ssenari müəllifidir.

1954 – Türkoloq, tərcüməçi, filologiya elmləri doktoru, professor Ramiz Baxşəli oğlu Əskər Ermənistan SSR Amasiya rayonunun Əzizbəyov kəndində doğulub.

1956 –Xalq artisti, populyar müğənni Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.

1962 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (8.12.1909 – 1962) vəfat edib. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Milli Dram Teatrının aktyoru olub, kinoya çəkilib.

1981 – Əməkdar artist Səidə Vahid qızı Şərifəliyeva anadan olub. Akademik Musiqili Teatrın aktrisasıdır.

2018 – Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

11 YANVAR

1875 – Tanınmış rus bəstəkarı, dirijor, pedaqoq Reynqold Qliyer (1875–1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.

1906 – Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906– 1979) anadan olub.

1952 – Əməkdar memar Yevgeni Mixayloviç Kiryaşov anadan olub.

1954 – Əməkdar memar Nərgiz Cavad qızı Abdullayeva anadan olub.

1959 – Əməkdar artist Loğman Seyfulla oğlu Kərimov Göygöl rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissorudur, filmlərə (“Qəzəlxan”) çəkilib.

1963 – Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis qurultayı keçirilib. Tanınmış kinorejissor Lətif Səfərov təşkilatın İdarə heyətinin sədri seçilib.

1967 – Xalq artisti, bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygün Ziyad qızı Səmədzadə Bakıda anadan olub.

1970 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmiraz qızı Şirinova anadan olub.

1998 – Prezident Heydər Əliyev “Qara Qarayevin anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

1999 – Əməkdar mədəniyyət işçisi Ramazan Həmzət oğlu Xəlilov (1901–1999) vəfat edib. Üzeyir Hacıbəylinin şəxsi katibi, bəstəkarın vəfatından sonra onun irsinin yorulmaz təbliğatçısı olub. 1975-ci ildən ömrünün sonunadək Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru işləyib.

2016 – Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

2019 – Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. 

12 YANVAR

1908 (yeni təqvimlə 25 yanvar) – Böyük bəstəkar Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera idi. Operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.

1925 – Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925–1982) Quba rayonunun Susay kəndində doğulub.

1928 – Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 – 15.2.2016) anadan olub. Estetika və bədiilik məsələlərinə dair tədqiqat əsərlərinin, povestlərin müəllifidir.

1940 – Xalq artisti, mahir klarnet ifaçısı Vəli Nurbala Qədimov (1940 – 15.4.2009) Bakıda anadan olub.

1951 – Əməkdar artist Zərinə Zülfüqar qızı Allahverdiyeva Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında çalışır.

1953 – Əməkdar mədəniyyət işçisi Bəxtiyar Yunis oğlu Muradov anadan olub.

1956 – Yazıçı, ssenarist, Əməkdar jurnalist Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) anadan olub. “Azərbaycantelefilm”in baş redaktoru işləyib.

1960 – Əməkdar mədəniyyət işçisi Azər Barat oğlu Quliyev anadan olub. “Azərbaycanfilm” kinostudiyasının direktor müavinidir.

1963 – Əməkdar mədəniyyət işçisi, aşıq Sərdar Qələndər oğlu Məmmədov anadan olub.

1978 – Əməkdar artist, faqot ifaçısı İlqar Xəlil oğlu Hacıyev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin solistidir.  

2004 – Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası”nın nəşri və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb.

2017 – Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

13 YANVAR

1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 – 1.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının 1-ci katibi (1925– 1926) işləyib.

1909 – Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1913 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.

1912 – Əməkdar artist, vokalçı Hacıbala Ağahüseyn oğlu Hüseynov (1912–1967) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.

1928 – Bakıda Azərbaycan yazıçılarının birinci qurultayı başlayıb. Qurultayda Azərbaycan Proletar Yazıçıları Assosiasiyasının (Az.PYA) yaranması haqqında qərar qəbul edilib.

1945 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə anadan olub. Milli Dram, Gənc Tamaşaçılar teatrlarında tamaşalara quruluş verib.

1951 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” və s.

1969 – Əməkdar artist Xoşbəxt Adil oğlu Məmmədov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 – 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

14 YANVAR

1879 – Tifisdə “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetinin ilk nömrəsi çapdan çıxıb. Bu, 1877-ci ildə bağlanan “Əkinçi”dən sonra Azərbaycan dilində çıxan ikinci qəzet idi. Redaktoru və naşiri Səid Ünsizadə olan həftəlik qəzet 1884-cü ilədək nəşr olundu.

1923 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (V.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

1938 – Ssenarist, kinoşünas, Əməkdar jurnalist Nadejda Vasilyevna İsmayılova Bakıda doğulub. “Azərbaycanfiım” kinostudiyasında 30-dan çox bədii və sənədli filmlərin redaktoru, Azərbaycan Televiziyasında verilişlərin müəllifi və aparıcısı olub.

1952 – Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilmiş, 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət etmişdi.

1954 – Əməkdar artist Elçin Emin oğlu Elçiyev Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor müavinidir.

1957 – Əməkdar artist Əfqan Soltan oğlu Soltanov Mingəçevirdə doğulub. Mingəçevir teatrında çalışıb, Bakı Bələdiyyə Teatrının aktyorudur.

1982 – Şuşa şəhərində böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin açılışı keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev çıxış edib. 

1999 – Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

2015 – Prezident İlham Əliyev “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

2016 – Prezident İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir.