02.12.2020
1 DEKABR
1940 – Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882–1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərinə çəkilib.
1940 – Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. Azərbaycan Televiziyası və Radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.
1946 – Xalq artisti, bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub. Kamera, simfonik orkestr, xor üçün əsərlər, “İmtahan”, “Yuxu” və s. filmlərə musiqi yazıb. Bakı Musiqi Akademiyasının professorudur.
1954 – Əməkdar mədəniyyət işçisi Nəsib Sətar oğlu Məhərrəmov anadan olub. Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır.
1958 – Əməkdar artist Əsgər Nəsib oğlu Əhmədov anadan olub. Bakı şəhəri 30 nömrəli Uşaq musiqi məktəbinin müəllimidir.
1958 – Əməkdar mədəniyyət işçisi Etibarə Rəfi qızı Babayeva anadan olub. Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktorudur.
1973 – Xalq artisti, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Murad Fərid oğlu Hüseynov anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru, Bakı Musiqi Akademiyasının professorudur.
1981 – Bakıda görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MKnın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.
2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Kitabları: “Qayalara yazılan səs”, “Yol ayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.
2015 – UNESCO Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında (Vindhuk, Namibiya) Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
2016 – Şəki şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçirilib. TÜRKSOY-un 2012-ci ildən həyata keçirilən “Mədəniyyət paytaxtı” layihəsində estafeti Qazaxıstanın Türkistan şəhəri qəbul edib.
2 DEKABR
1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (28.1.1848 – 1929) vəfat edib. Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
1938 – Şair, Əməkdar jurnalist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) Naxçıvan şəhərində anadan olub.
1955 – Əməkdar mədəniyyət işçisi Məryəm Zəkrulla qızı Hacıyeva anadan olub. Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktorudur.
1958 – Əməkdar artist Elmira Ramazan qızı Aslanova anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır.
1966 – Əməkdar artist Atamoğlan Rzayev (1912–1966) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərə (“Kəndlilər”, “Koroğlu”) çəkilib.
1978 – Əməkdar artist Vüsal Əziz oğlu İsgəndərzadə anadan olub. Azərbaycan Televiziyasının solistidir.
1979 – Əməkdar artist, müğənni Səbinə Eldar qızı Babayeva Bakıda anadan olub. Azərbaycan Televiziyasının solistidir.
1986 – Əməkdar artist, vokal ifaçısı Afaq Nurəhməd qızı Abbasova-Budaqova Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
1997 – Prezident Heydər Əliyev Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında sərəncam imzalayıb.
2002 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
2013 – Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlayıb. 116 ölkədən nümayəndə heyətləri qatıldığı sessiya dekabrın 8-dək davam edib.
3 DЕKABR
1918 – Aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Məmmədhəsən oğlu Vəli (1867–1918) vəfat edib.
1920 – Şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.
1928 – Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928–2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun “Gənclik”, “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
1937 – Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Borisovna Şneyer (1937– 2019) anadan olub.
1962 – Tanınmış xalçaçı rəssam Eldar Rasim oğlu Hacıyev Bakıda anadan olub. Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə silsilə əsərlərin müəllifidir.
1992 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Yuğ teatr-studiyasına dövlət statusu (1 yanvar 1993-cü ildən) verilib. Teatrın yaradıcısı tanınmış aktyor, rejissor Vaqif İbrahimoğlu idi.
1996 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrının direktoru (1989–1991) olub.
1997 – Respublika Sarayında Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
2008 – Bakıda Avropa Şurası ölkələri Mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı konfransında “Bakı bəyannaməsi” qəbul olunub. Konfransda ilk dəfə Avropa və İslam ölkələrinin Mədəniyyət nazirləri bir araya gəlib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.
2009 – Prezident İlham Əliyev Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalayıb. Abidənin (müəllif – Tokay Məmmədov) açılışı 2012-ci il fevralın 21-də keçirilib.
2013 – UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən VIII sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Qarabağ atları üzərində çövkən oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınıb.
4 DЕKABR
1950 – Xalq yazıçısı, dilçi alim, akademik, Əməkdar elm xadimi Kamal Mehdi oğlu Abdulla Bakıda anadan olub. “Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlar, “Unutmağa kimsə yox”, “Bir, iki – bizimki!” pyesləri, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları və s. əsərlərin müəllifidir. Bakı Slavyan Universitetinin rektoru işləyib. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.
1954 – Əməkdar artist Mahirə Mehdi qızı Yaqubova anadan olub. Bakı Bələdiyyə Teatrının aktrisası, Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
1956 – Əməkdar mədəniyyət işçisi, aşıq Əhliman Məhəmməd oğlu Allahverdiyev Kəlbəcər rayonunda doğulub.
1979 – Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərinə çəkilib.
6 DЕKABR
1954 – Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov Bakının Mərdəkan qəsəbəsində doğulub. Şəki Dram, Gənclər teatrlarında fəaliyyət göstərib. Milli Dram Teatrının aktyorudur, filmlərə çəkilib.
1970 – Əməkdar artist, viola ifaçısı Vaxtanq Yaşar oğlu İmanov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
1971 – Əməkdar artist Elxan Yunis oğlu Abbasov Gəncə şəhərində anadan olub. Gəncə Dram Teatrında çalışıb, Yuğ Dövlət Teatrının aktyorudur.
1993 – Milli Məclis Azərbaycan Respublikasının UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasına (16 noyabr 1972-ci il) qoşulması haqqında qərar qəbul edib.
1999 – Prezident Heydər Əliyev Akademik Opera və Balet Teatrının balet truppası işçilərinin sosial təminatının yaxşılaşdırılması haqqında fərman imzalayıb.
2002 – Bakıda, Respublika Sarayında görkəmli dirijor və bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
2004 – Xalq artisti, tanınmış aktyor Muxtar Həsən oğlu Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərə çəkilib.
2006 – Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.
2017 – UNESCO Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında (Koreya Respublikası) Azərbaycanın təqdim etdiyi nominasiya – “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” təşkilatın Qeyri-maddi mədəni irs siyahısına salınıb.
7 DЕKABR
1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. Muzeyin yaradıcıları sənətşünaslar Hüseyn Mirzəcаmаlov və Məhəmməd Ağayev idi.
1926 – Azərbaycan Kommunist Partiyası MK-nın təbliğat kollegiyasında “Gənc qızıl qələmlər” dərnəyi və “Azərbaycan ədəbiyyatı cəmiyyəti”nin əsasında “Qızıl qələmlər” vahid ədəbi itifaqının yaradılması təsdiqlənib.
1948 – Əməkdar mədəniyyət işçisi, kino istehsalı təşkilatçısı Vladimir İvanoviç Dudniçenko anadan olub.
1950 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Bilal oğlu Sadıqov (1950 – 1.8.2018) Salyan şəhərində doğulub. “Mahirlər” ailə ansamblının yaradıcısı olub.
1953 – Fəlsəfə elmləri doktoru, professor İlham Ramiz oğlu Məmmədzadə anadan olub. AMEA-nın Fəlsəfə İnstitutunun direktorudur.
1956 – Əməkdar mədəniyyət işçisi Lalə Niad qızı Abaszadə anadan olub. Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktorudur.
1970 – Violin ifaçısı, Əməkdar müəllim Hökümə Natiq qızı Əliyeva anadan olub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimidir.
2002 – Akademik Milli Dram Teatrında U.Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşası (quruluşçu rejissor Azər Paşa Nemətov) olub. Prezident Heydər Əliyev premyerada iştirak edib, tamaşadan sonra yaradıcı heyətlə görüşüb.
2004 – “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul edilib.
2010 – Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər (Məmmədov; 1933–2010) vəfat edib. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s.) bəstələnib.
2017 – UNESCO Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında (Koreya Respublikası) Azərbaycan Respublikasının İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” təşkilatın Qeyri-maddi mədəni irs siyahısına salınıb.
2018 – Ölkə Prezidentinin müvafiq sərəncamına (9 iyul 2018) əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
8 DЕKABR
1909 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Milli Dram Teatrının aktyoru olub, kinoya (“Lətif”, 1930) çəkilib.
1909 – Xalq artisti Nina Dmitriyevna Sarnatskaya (1909–1986) Bakıda doğulub. 1932-ci ildən Dövlət Rus Dram Teatrının aktrisası olub.
1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914– 2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
1930 – Bəstəkar, Xalq artisti Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamlar (“Nəva”, “Humayun” və s.), “Xəzər balladası”, “Xeyir və Şər” baleti, musiqili komediyaların müəllifidir. Bakı Musiqi Akademiyasının professorudur.
1939 – Əməkdar artist, rejissor Rövşən Məmmədqulu oğlu Abdullayev (1939– 1995) anadan olub. Sənədli televiziya filmləri çəkib.
1940 – Əməkdar mədəniyyət işçisi Vaqif Əhməd oğlu Kərimov anadan olub. Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru işləyib.
1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərə çəkilib.
1946 – Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Nikolayeviç Pletnyov (1946 – 21.2.1988) Göyçayda doğulub. Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
1946 – Xalq artisti, tanınmış balerina Tamilla Xudadat qızı Şirəliyeva Bakıda doğulub. 1964-cü ildən 1989-cu ilədək Akademik Opera və Balet Teatrında aparıcı balet artisti olub. Teatrda baletmeyster, Bakı Xoreoqrafiya Məktəbində bədii rəhbər işləyib.
1957 – Bəstəkar, Xalq artisti Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Cavad xan” baleti, müxtəlif janrlarda əsərlər, tamaşalara musiqi yazıb. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Azərbaycan Bəstəkarlar İtifaqının katibidir.
1960 – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Məryəm Şaqi qızı Babayeva anadan olub. Mədəniyyət və İncəsənət Universiteti Estrada sənəti kafedrasının müdiridir.
1961 – Əməkdar mədəniyyət işçisi Allahverdi Rza oğlu Qulamov Naxçıvan şəhərində doğulub.
9 DЕKABR
1918 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Cəlal Cabbar oğlu Məmmədov (1918 – 4.2.1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr edib.
1957 – Balet artisti, tanınmış xoreoqraf Eldar Ağabala oğlu Əliyev Bakıda doğulub. Sankt-Peterburq Mariinsk Teatrının solisti (1979–1992) olub. Müxtəlif ölkələrin balet teatrlarında çalışıb. 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin (Vladivostok) baş baletmeysteri təyin edilib.
1963 – Rejissor, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov (30.9.1920 – 1963) dünyasını dəyişib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib.
1971 – Bakıda Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İtifaqı) 5-ci qurultayı işə başlayıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qurultaya təbrik məktubu göndərib.
1973 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (22.3.1914 – 1973) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1991 – İslam Əməkdaşlıq Təşkilatının Dakarda (Seneqal) keçirilən zirvə toplantısında Azərbaycan Respublikası üzvlüyə qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi.
1998 – Bakıda “İslam sivilizasiyası Qafqazda” adlı Beynəlxalq simpozium işə başlayıb. Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilən simpozium dekabrın 11-dək davam edib.
10 DЕKABR
1916 – Əməkdar artist Firuzə Xanlar qızı Bədirbəyli (1916–1992) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
1918 – Xalq artisti, tanınmış opera müğənnisi Gülxar İbrahim qızı Həsənova (1918 – 30.3.2005) Şəmkir rayonunda anadan olub. Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə başlayıb. 1942–1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, filmlərə, televiziya tamaşalarına çəkilib.
1924 – Xalq şairi, dramaturq, Dövlət mükafatları laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 – 15.1.2007) Bakının Xırdalan qəsəbəsində doğulub. Kitabları: “İllər və sahillər”, “Ulduz karvanı”, “Ağ şimşəklər” və s. “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc” və s. pyeslərin müəllifidir. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.
1935 – Əməkdar rəssam, Dövlət mükafatı laureatı Fikrət Bağır oğlu Bağırov (1935–1996) anadan olub. “Azərbaycanfilm”də kino rəssamı işləyib. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır” və s.
1943 – Xalq artisti Tamella İslam qızı Abdullayeva Tovuz rayonunda anadan olub. 30 ildən artıq İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə fəaliyyəti göstərib, Musiqili Komediya Teatrında çalışıb.
1945 – Şair İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub.
1954 – Əməkdar mədəniyyət işçisi Şükufə Məmmədtağı qızı Əsgərova anadan olub. Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktorudur.
1966 – Əməkdar artist, xanəndə Cabir Əli oğlu Abdullayev Ağdam rayonunda anadan olub. Azərbaycan Milli Konservatoriyasının müəllimidir.
1984 – Əməkdar artist, vokal ifaçısı Ramil Adıgözəl oğlu Qasımov Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub. “Mədəniyyət” kanalının direktorudur.
1996 – Əməkdar incəsənət xadimi, şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 31.8.1927 – 1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
11 DЕKABR
1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (1918 – 9.11.1994) Ağdam rayonunun Şıxavənd kəndinə anadan olub. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu”, “Tək palıdın kölgəsi”, “Cıdır düzü” və s. romanların müəllifidir. “Mən ki, gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
1933 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17.5.1870 – 1933) vəfat edib. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu” və s. pyeslərin müəllifidir.
1965 – Əməkdar mədəniyyət işçisi Zaman Hüseyn oğlu Həsənov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasında çalışır.
2002 – Moskvada, İtifaqlar Evinin Sütunlu salonunda Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə görkəmli bəstəkarlar Fikrət Əmirovun 80, Niyazinin 90 illiyinə həsr olunmuş konsert keçirilib.
12 DЕKABR
1926 – Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 – 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.
1927 – Əməkdar mədəniyyət işçisi Alp Məcid oğlu Ağamirov (1927–2000) anadan olub. Azərbaycan Televiziyasında baş redaktor işləyib.
1931 – Tanınmış aktyor Tələt Əliağa oğlu Rəhmanov (1931 – 13.12.1995) Bakıda anadan olub. “Arşın mal alan” (1965), “Qayınana”, “Kişi sözü” və s. filmlərə çəkilib.
1937 – Şair, tərcüməçi Əhəd Muxtar (Əhədulla Muxtar oğlu Qənbərov; 1937 – 23.5.1998) Astara rayonunun Kakalos kəndində anadan olub. Rus, özbək, qazax, türkmən şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib.
1939 – Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Balağa oğlu Əliyev (1939–2016) Bakıda anadan olub. “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” filmlərinə quruluş verib.
1952 – Əməkdar artist Gülşad Eynulla qızı Baxşıyeva Bakıda anadan olub. Şəki teatrında çalışıb, filmlərə çəkilib. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir.
1964 – Əməkdar artist Azad Əşrəf oğlu Məmmədov anadan olub. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur.
1974 – Əməkdar artist, aktyor, şoumen Tahir Qorxmaz oğlu İmanov Bakıda anadan olub. “Planet Parni iz Baku” KVN teatrının rəhbəridir.
1979 – Xalq artisti, müğənni, bəstəkar Emin Araz oğlu Ağalarov Bakıda anadan olub. Rusiyada yaşayır. Bakıda keçirilən “JARA” Beynəlxalq musiqi festivalının rəhbəridir.
2002 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 12.3.1933 – 2002) vəfat edib. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s.) bəstələnib.
2007 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 – 2007) vəfat edib. Əsərləri: “General”, “Burulğanlar”, “Ləpədöyəndə” və s.
13 DЕKABR
1929 – Şərqşünas alim, professor Saleh Əliyev (1929 – 21.11.2006) Gəncədə anadan olub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada “Ocaq” Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.
1935 – Şair, publisist Əjdər Qiyaslı (Əjdər Xanlar oğlu Əsgərov) Ağdam rayonunun Qiyaslı kəndində doğulub. Şeirlərinə mahnılar yazılıb.
1937 – Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov (1937–2018) Bakıda doğulub. Azərbaycan Memarlar İtifaqının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
1956 – Xalq artisti, skripka ifaçısı Uran Seyid Musa oğlu Seyidov anadan olub. Filarmoniyanın Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertmeysteri, Dövlət Simli Kvartetinin bədii rəhbəridir.
1956 – Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.
1962 – Filologiya elmləri doktoru, akademik Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında, BDU-da kafedra müdiri, prorektor işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. “Üns” Yaradıcılıq Səhnəsinin qurucusu və rəhbəridir.
1964 – Xalq artisti, vokal ifaçısı Azər Zeynalabdin oğlu Zeynalov Naxçıvan şəhərində anadan olub. Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının Milli vokal kafedrasının professorudur.
1995 – Tanınmış aktyor Tələt Əliağa oğlu Rəhmanov (12.12.1931 – 1995) dünyasını dəyişib. “Arşın mal alan” (1965), “Qayınana”, “Kişi sözü” və s. filmlərə çəkilib.
2011 – Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında sərəncam imzalayıb. Muzey 2014-cü ilin martında təmirdən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açdı.
14 DЕKABR
1915 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Məcid oğlu Behbudov (1915 – 9.6.1989) Tifisdə anadan olub. Əslən şuşalıdır. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib, operada (Balaş – “Sevil”) çıxış edib. Azərbaycan musiqisinin dünyada təbliğinə töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb.
1927 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (1927 – 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. Ədəbiyyatşünaslıq, sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.
1929 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929–1991) Tifisdə doğulub. “Nizami və gürcü ədəbiyyatı” mövzusunda tədqiqatların müəllifidir, gürcü ədəbiyyatından tərcümələr edib. Ali Sovetin deputatı olub.
1938 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (1938–2000) anadan olub. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.
1954 – Əməkdar mədəniyyət işçisi Ruhəngiz Ağabala qızı Əliyeva anadan olub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşıdır.
1958 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Sevda Atif qızı Məlikova anadan olub.
1972 – Heydər Əliyev Sarayı istifadəyə verilib, sarayın səhnəsində ilk böyük qala-konsert keçirilib. Sovet dövründə Lenin Sarayı, sonra Respublika Sarayı adlanıb. 2004-cü ildən ümummilli lider Heydər Əliyevin adını daşıyır.
2011 – Tanınmış xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (20.11. 1935 – 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub.