16.07.2020
16 İYUL
1913 – Xalq artisti, müğənni Mirzə Əbdülcabbar oğlu Babayev (1913 – 13.1.2003) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür” və s.) maraqlı rollar oynayıb.
1934 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974–1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ö.Eldarovla birlikdə) layihə müəllifidir.
1949 – Əməkdar artist, bəstəkar, skripka ifaçısı Fərhəng Rəhim oğlu Hüseynov (1949 – 16.2. 2010) anadan olub. Yaponiyada “İpək Yolu” müsabiqəsinin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlər müəllifidir.
1957 – Əməkdar müəllim Vaqif Oruc oğlu Abbasov anadan olub. Bakı şəhəri S.Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin direktorudur.
1958 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.
1958 – Xalq artisti, aktyor, rejissor, ssenarist Vidadi İsmayıl oğlu Həsənov Gəncədə anadan olub. 1990-cı ildən Yuğ teatrında çalışır. Filmlərə (“Bəyin oğurlanması”, “Yalan”, “Çölçü” və s.) çəkilib.
1975 – Əməkdar incəsənət xadimi, dirijor Sevil İnşalla qızı Hacıyeva Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş xormeysteridir.
1984 – Əməkdar artist, müğənni Nurlan Növrəs oğlu Növrəsli anadan olub.
18 İYUL
1864 – Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 – 20.11.1940) Şuşada doğulub. Xanəndənin ifasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.
1903 – Əməkdar incəsənət xadimi Sergey Arsenyeviç Mayorov (1903–1973) anadan olub. Dövlət Rus Dram Teatrında (1926–1937) quruluşçu rejissor və baş rejissor işləyib.
1927 – Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) Bakıda anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin (İ.Zeynalovla birlikdə), Füzulinin (Ö.Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfələr verib.
1932 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932–2006) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfəri” və s.
1936 – Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən Bakı Uşaq Teatrı (1928-ci il 20 sentyabrda yaradılmışdı) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılıb. Teatra rus-sovet yazıçısı Maksim Qorkinin adı verilib.
1939 – Xalq artisti Hacımurad Hacı Əhməd oğlu Yagizarov Bakıda anadan olub. 1962-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib. “Böyük dayaq”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.
1961 – Əməkdar artist Nahidə Mülük qızı Orucova anadan olub. Akademik Musiqili Teatrın aktrisasıdır, filmlərə çəkilib.
2013 – UNESCO-nun mənzil-qərargahında Azərbaycanın təşkilata üzv olmasının 20 illiyi ilə əlaqədar UNESCO-ya hədiyyə edilmiş daş at və qoç abidələrinin, Azərbaycanın daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi keçirilib. Mərasimdə UNESCO-nun baş direktoru İrina Bokova və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış ediblər.
19 İYUL
1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.
1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanuna əsasən, Bakı, Gəncə, Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala və Salyanda ikiaylıq pedaqoji kurslar açılıb.
1944 – Əməkdar mədəniyyət işçisi Rəfail Hüseyn oğlu Əsədov anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
1945 – Əməkdar incəsənət xadimi, musiqişünas, ilk azərbaycanlı violonçelçalan qadın Nəzmiyyə Müzəfər qızı Abbaszadə Naxçıvanda doğulub. Bakı Musiqi Akademiyasının professorudur.
1946 – Əməkdar rəssam Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. “Dədə Qorqud”, “Qoca qarabağlı” və s. əsərləri xüsusilə məşhurdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.
1951 – Əməkdar mədəniyyət işçisi Yusif Nadir oğlu Məmmədov anadan olub. Bakı Bələdiyyə Teatrında çalışır.
1964 – Musiqişünas, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Emin qızı Mahmudova Bakıda anadan olub. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
2011 – Prezident İlham Əliyev Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2012 – Prezident İlham Əliyev Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.
2017 – Prezident İlham Əliyev Xalq artisti, milli teatr və kino sənətinin görkəmli nümayəndəsi Məhluqə Sadıqovanın 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
2019 – Prezident İlham Əliyev görkəmli dilçi alim, türkoloq, akademik, Dövlət mükafatı laureatı Məmmədağa Şirəliyevin 110 illik yubileyi haqqında sərəncam imzalayıb.
20 İYUL
1903 – Əməkdar incəsənət xadimi Bəxşi Həsən oğlu Qələndərli (1903 – 14.9.1985) Xankəndidə doğulub. C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyib.
1928 – Məşhur rus yazıçısı Maksim Qorki Bakıya gəlib. İyulun 25-dək davam edən səfəri zamanı müxtəlif görüşlər keçirən yazıçı təəssüratını qələmə alıb.
1933 – Əməkdar rəssam Məmmədəli Namazəli oğlu İsmayılov (1933 – 21.8.2010) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram teatrında quruluşçu rəssam işləyib.
1946 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Ağahüseyn oğlu Dadaşov (1946–2017) Bakıda anadan olub. Bir sıra filmlərin (“Yol əhvalatı”, “Qətl günü” və s.) ikinci rejissoru olub, sənədli filmlər çəkib.
1948 – Xalq artisti, aktyor, rejissor Ramiz Hacı Ağa oğlu Əzizbəyli Bakıda anadan olub. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
1957 – Xalq artisti, rəqqasə Cəmilə Əsədulla qızı Bayramova Bakıda doğulub. Azərbaycan Dövlət Rəqs Ansamblında fəaliyyət göstərib, Xəzər Universitetində rəqs ansamblı yaradıb.
1979 – Əməkdar artist Rimma Ramis qızı İsgəndərova Bakıda anadan olub. 1996-cı ildən Opera və Balet Teatrının balet artistidir.
2001 – Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Şura kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan bu sahədə iki qurum – 2002-ci ildə Milli Televiziya və Radio Şurası, 2003-cü ildə Mətbuat Şurası yaradıldı.
2001 – Prezident Heydər Əliyev məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
21 İYUL
1928 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti “Yeni türk əlifasının icbari və qəti olaraq tətbiq olunması” haqqında qərar qəbul edib. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSR-də latın qrafikalı əlifaya keçid başlandı.
1938 – Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq, memar Marat Xanlar oğlu Haqverdiyev Bakıda anadan olub. “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən”, “Üç dəniz əfsanəsi” və s. pyeslərin müəllifidir.
1950 – Xalq artisti Məmmədbağır Bağırzadə (1950 – 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.
1964 – Əməkdar mədəniyyət işçisi Nairə Hafiz qızı Sadıxova anadan olub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavinidir.
1970 – Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərhunə Vəfa qızı Atakişiyeva anadan olub.
1978 – “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” Azərbaycan SSR Qanunu qəbul olunub. Qanun 1979-cu il yanvarın 1-dən qüvvəyə minib.
1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi görkəmli şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edib. Qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, ədibin adının əbədiləşdirilməsi ilə bağlı digər tədbirlər nəzərdə tutulmuşdu.
1992 – Milli Məclis Azərbaycan Respublikasının İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakta (19 dekabr 1966-cı il), BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına (20 noyabr 1989-cu il) qoşulması barədə sənədləri təsdiqləyib.
22 İYUL
22 iyul Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk mətbu orqan – “Əkinçi” qəzetinin 1-ci sayı çapdan çıxıb. İki il ərzində 56 sayı işıq üzü görən qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı.
1884 – Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884–1969) anadan olub. 1920–1960-cı illərdə Bakı Dövlət Universitetində dərs deyib, akademiyanın Fəlsəfə İnstitutunun direktoru olub.
1941 – Xalq artisti, diktor Yusif Mehdi oğlu Muxtarov (1941 – 25.4.2010) Sabirabad rayonunun Kürkəndi kəndində doğulub. Filmlərə, teletamaşalara çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
1946 – Əməkdar memar İbrahim Məmmədhüseyn oğlu İbrahimov anadan olub.
1949 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrı “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib. Azərbaycan milli teatrının 75 illik yubileyi münasibətilə həmçinin S.Ruhulla, M.A.Əliyev, M.Davudova SSRİ Xalq artisti adına layiq görülüblər.
1949 – Xalq artisti Yuri Nikolayeviç Baliyev (1949–2018) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub, filmlərə (“Ovsunçu”, “Hökmdarın taleyi” və s.) çəkilib.
1952 – Əməkdar artist, xanəndə Yaqut Babakişi qızı Abdullayeva Cəbrayıl şəhərində anadan olub. Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Milli Konservatoriyasında dərs deyir.
1954 – Əməkdar incəsənət xadimi Dilarə Asəf qızı Əliyeva anadan olub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktorudur.
1959 – Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959–2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. “Uzaqlardan gəlirik”, “Özümə yol” və s. kitabların müəllifidir.
1971 – Əməkdar memar Nəriman Məcid oğlu İmaməliyev anadan olub.
23 İYUL
1883 – Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 – 8.5.1912) anadan olub.
1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
1927 – Əməkdar rəssam Hafiz Əliabbas oğlu Zeynalov (1927 – 2.5.1996) Bakıda anadan olub. Tarixi mövzulu kompozisiyalar, tanınmış şairlərin portret-obrazları, məişət janrlı tablolar və natürmortların müəllifidir.
1941 – Xalq artisti, müğənni Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə” filmində çəkilib. Filmlərdə, teletamaşalarda mahnıları ifa edib.
2011 – Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942–2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam və xalq mahnılarının mahir ifaçısı olub.
24 İYUL
1937 – Xalq artisti, kinorejissor Yalçın Əliheydər oğlu Əfəndiyev Bakıda doğulub. Cizgi və sənədli filmlərin müəllifidir, “Xatirələr sahili” bədii filminə quruluş verib. “Azərbaycantelefilm”in bədii rəhbəri olub.
1941 – Əməkdar mədəniyyət işçisi Amaliya Şıxəli qızı Aşumova anadan olub. Dövlət Film Fondunda (filmlərin bərpası üzrə mütəxəssis) işləyib.
1949 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov Bakıda doğulub. Müxtəlif teatrlarda çalışıb, 2017-ci ildə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru təyin edilib.
1949 – Əməkdar artist Tofiq Əbdülrəhim oğlu Hüseynov anadan olub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar teatrlarında çalışıb. Akademik Milli Dram Teatrının aktyorudur.
1956 – Əməkdar artist Gülnar Əlifağa qızı Salmanova (1956 – 25.10.2015) Salyan rayonunun Xıllı qəsəbəsində doğulub. Musiqili Komediya Teatrının aktrisası olub.
1956 – Əməkdar memar Kamal Ağa Paşa oğlu Musaxanov anadan olub.
1960 – Əməkdar artist Abbas Əhməd oğlu Qəhrəmanov İrəvan şəhərində doğulub. Akademik Milli Dram Teatrının aktyorudur, televiziya tamaşalarına, filmlərə (“Arxada qalmış gələcək”, “Cavad xan” və s.) çəkilib.
1970 – Əməkdar artist Gülzar Qurban qızı Qurbanova anadan olub. Dövlət Yuğ Teatrının aktrisasıdır, filmlərə (“Ölsəm... bağışla”, “Dolu”, “Qırmızı bağ” və s.) çəkilib.
2002 – Prezident Heydər Əliyev Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 60 illik yubileyi haqqında sərəncam imzalayıb.
2019 – Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
25 İYUL
1935 – Şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935–2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların da müəllifidir.
1935 – Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935–1997) anadan olub.
1960 – Xalq artisti Məmməd Səfa (Məmmədsəfa Məmmədəli oğlu Qasımov) Şabran şəhərində doğulub. Yuğ teatrının aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Filmlərdə (“Köpək”, “Ovsunçu”, “Cavid ömrü”, “Dolu” və s.) yaddaqalan obrazlar yaradıb.
26 İYUL
1915 – Əməkdar artist, teatr rejissoru Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 – 14.3.1975) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.
1920 – Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə “geniş zəhmətkeş proletar kütləsinin musiqi savadı” alması məqsədilə Bakının səkkiz fəhlə rayonunda şöbəsi olan musiqi təhsili müəssisəsi – Xalq Konservatoriyası açılıb. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyası yaradıldı.
1947 – Əməkdar mədəniyyət işçisi, fotojurnalist Farix Xabibullayeviç Xayrulin anadan olub.
1949 – Əməkdar rəssam, heykəltəraş Zeynalabdin Əli oğlu İsgəndərov Bakıda anadan olub. Görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyefərini hazırlayıb. Dövlət Rəssamlıq Akademiyasında çalışır.
1954 – Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev (1954–2010) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının direktoru olub.
1955 – Xalq artisti, tanınmış kamança ifaçısı Ağa Cəbrayıl Ağa Saleh oğlu Abasəliyev Bakıda anadan olub.
1955 – Əməkdar mədəniyyət işçisi Fikrət Fail oğlu Abdullayev anadan olub. Qobustan Milli Tarix Bədii Qoruğunun əməkdaşıdır.
1984 – Əməkdar artist Əyyub Ramiz oğlu Quliyev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatıdır.
1995 – Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919 – 1995) vəfat edib. “Dəli Kür”, “Ayrılan yollar” “Ölən dünyam” romanlarının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İtifaqı İdarə heyətinin sədri olub.
27 İYUL
1972 – Əməkdar mədəniyyət işçisi, aşıq Nemət Yusif oğlu Qasımlı Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində doğulub.
1991 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əziz qızı Əliyeva (17.11.1933 – 1991) vəfat edib. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.
2012 – Əməkdar rəssam, Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, professor Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib.
28 İYUL
1928 – Azərbaycan SSR Xalq artisti və Azərbaycan SSR Əməkdar artisti fəxri adları təsis edilib.
1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 – 15.9. 2006) Bakıda doğulub. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və s. əsərlərin müəllifidir. Filmlərə musiqi (“Şərikli çörək”, “Həyat bizi sınayır”) yazıb. Bəstəkarlar İtifaqının sədri (2000–2006) olub.
1937 – Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 1937) vəfat edib. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl” (1916), “Nərgiz” (1935) operalarını yazıb. Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
1945 – Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Məşədi oğlu Pənahov (1945 – 16.2.2019) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.
1955 – Əməkdar mədəniyyət işçisi Səadət Məmmədəli qızı Mirzəyeva anadan olub. Bakı şəhərində Tahir Salahovun ev-muzeyinin direktorudur.
29 İYUL
1864 – Maarif və mədəniyyət xadimi, teatr təşkilatçısı Həbib bəy Mahmudbəyov (1864 – 30.7.1928 ) Şamaxıda anadan olub.
1939 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (1939 – 14.9.1992) Bakıda doğulub. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.
1960 – Əməkdar mədəniyyət işçisi Esmiralda Qurbanəli qızı Osmanova anadan olub. Mədəniyyət və İncəsənət Universiteti Teatr sənəti fakültəsinin müəllimidir.
30 İYUL
1896 – Xalq artisti Marqarita Matveyevna Annenskaya (1896–1965) Tifisdə doğulub. 1930-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.
1942 – Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942–1996) anadan olub.
1956 – Bəstəkar, musiqişünas, Əməkdar müəllim Adilə Niyazi qızı Yusifova anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, F.Əmirov adına 6 saylı İncəsənət məktəbinin direktorudur.
2018 – Prezident İlham Əliyev Xalq artisti, Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
31 İYUL
1940 – Xalq artisti Vaqif Məzahir oğlu Əliyev Bakıda doğulub. Sumqayıt Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. Filmlərə çəkilib.
1954 – Xalq artisti, aktyor, rejissor Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında tamaşalar hazırlayıb. Filmlərə, teletamaşalara çəkilib. 1995-ci ildən Türkiyədə yaşayır, Adana Çukurova Universitetində çalışır.
1961 – Əməkdar memar İlqar Xıdır oğlu Bəylərov anadan olub.
2017 – Prezident İlham Əliyev dünya şöhrətli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyi haqqında sərəncam imzalayıb.