14.07.2020
Neftçala rayon Heydər Əliyev Mərkəzində Çin Sosial Elmlər Akademiyasının ilk azərbaycanlı alimi, Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakultəsində Azərbaycan dili kafedrasının yaradıcısı, müəllimi və tədqiqatçısı Aqşin Əliyevin, mədəniyyət işçilərinin, ümumtəhsil məktəb müəllimlərinin və şagirdlərin iştirakı ilə "Türk və Çin dillərinin timsalında Qədim İpək yolu üzərində dillərin çarpazlaşması" adlı kofrans keçirildi. Konfransı giriş sözü ilə açan Könül Məmmədova dilimizin, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən Ulu Öndər Heydər Əliyevin dil siyasəti çərçivəsində ana dilimizin xarici ölkələrdə tədqiqi və təbliğinin genişləndirilməsində Aqşin Əliyevin rolundan danışdı. Daha sonra Azərbaycanın tarixən İpək yolu üzərində həm ticari, həm də mədəni qovşaq olduğunu bildirən gənc tədqiqatçı, ölkəmizdə Cənab Prezidentin dil siyasəti çərçivəsində xarici dillərin, o cümlədən Çin dilinin tədrisinin vəziyyətindən danışdı. Məhz neftçalalı alimimizin səyi nəticəsində 2017-ci ildən Çində Azərbaycan dili üçüncü dil kimi tədris olunmağa başladı. Hər semestr demək olar ki, əsasən çinlilərdən ibarət 20-22 tələbə bu fənni seçir. 2018-ci ildə Çində ümumrespublika qəbul imtahanı ilə Azərbaycan dili ixtisasına qəbul elan olunmuş və 10 çinli tələbə bura qəbul olmuşdur.