08.07.2020
Fevralın 19-da Neftçala rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ana dili günü” ilə əlaqədar “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” adlı elmi-praktik konfrans təşkil olundu. Tədbirdə AMEA-nın Monitorinq şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Sevinc Əliyeva iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova Ümummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisindən, dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşmasında Ulu Öndərin rolundan danışdı. Sonra Heydər Əliyevin çıxışlarından ibarət çarx nümayiş etdirildi. Daha sonra Sevinc Əliyeva ulu babalarımızdan bizə miras qalan dilimizin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olmasında böyük rol oynayan Ulu Öndərin dil siyasətindən söhbət açdı. Azərbaycan dilinin inkişafı, dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu, cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı, bünövrə sütunudur. Əgər o əzmlə mübarizə aparmasa idi, dilimiz assimilyasiya olunar, bugünkü nəsillərə gəlib çatmazdı. Sonda Könül Məmmədova dilin qorunmasında və inkişafında böyük rolu olan rayon ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimlərinə, eləcə də mədəniyyət müəssisələrinin işçilərinə konfransda iştiraklarına görə öz təşəkkürünü bildirdi.