Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.06.2020-ci ilədək)

03.06.2020

 2 İYUN

1936 – Əməkdar mədəniyyət işçisi Abdulla Abbasqulu oğlu Ələkbərov Bakıda doğulub. Kitab qrafikası sahəsində çalışıb, bədii tərtibatçı rəssam kimi tanınıb.

1957 – Xalq artisti, müğənni Şahnaz Həsən qızı Haşımova Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri olub.

1962 – Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Araz qızı Dadaşzadə anadan olub. Bakı Musiqi Akademiyasının professorudur.

1966 – Əməkdar artist Almaz Ədil qızı Orucova anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1979 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (15.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərə quruluş verib.

2000 – Prezident Heydər Əliyev “Azərbaycan Dövlət Xor Kapellasının sosial təminatını yaxşılaşdırmaq haqqında” sərəncam imzalayıb.

2013 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə vəfat edib. Passi qəbiristanlığında dəfn olunub.

3 İYUN

1929 – Musiqişünas, Əməkdar müəllim Elmira Mirzəağa qızı Əliyeva Bakıda anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.

1955 – Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Qorçu qızı Kosayeva Qazaxda anadan olub.

1956 – Əməkdar memar Gülara Firudin qızı İsmayılova anadan olub.

1957 – Xalq yazıçısı, dramaturq, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. Əsərləri: “İzdiham”, “Azadlıq” (roman), “Qatarın altına atılan qadın” (pyes) və s. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin direktorudur.

1966 – Memarlıq üzrə fəlsəfə doktoru, bərpaçı-memar Telman Nəcəf oğlu Kərimli anadan olub. “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktorudur.

1967 – Əməkdar artist İlham Abbas oğlu Hüseynov anadan olub. Gəncə Dövlət Dram Teatrının aktyorudur.

1980 – Özbəkistanda Azərbaycan SSR ədəbiyyatı və incəsənəti günləri başlanıb.

1992 – Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

1995 – Prezident Heydər Əliyev Azərbaycan Milli Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat-sərgisində iştirak edib.

2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1.1.1947 – 2006) vəfat edib.

4 İYUN

1926 – Əməkdar artist, xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 – 4.1.2000) Qubada anadan olub. Muğam, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı kimi tanınıb. “Arşın mal alan” filmində (1945) Telli rolunu oynayıb.

1929 – Əməkdar artist, kamança ifaçısı Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.

1935 – Azərbaycan Xalq Komissarları Soveti və Mərkəzi İcraiyyə Komitəsi respublikada geniş kitabxana şəbəkəsinin yaradılması ilə bağlı qərar qəbul edib.

1939 – Əməkdar artist Vaqif Nəcəf oğlu Rəsulov (1939–2014) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub.

1944 – Əməkdar mədəniyyət işçisi, kinooperator Elman Əliverdi oğlu Əliyev (1944–2016) Bakıda doğulub. 30-dan artıq sənədli filmi operatoru, bədii filmlərin rəssam-fotoqrafı olub.

1950 – Xalq artisti, tarzən Firuz Əliabbas oğlu Əliyev Bakının Buzovna qəsəbəsində anadan olub. Azərbaycan Milli Konservatoriyasında dərs deyir.

1957 – Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsi (indiki “Azərbaycan Televiziyası və Radiosu” QSC) yaradılıb.

1979 – Azərbaycanda Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günləri başlayıb.

2012 – Prezident İlham Əliyev milli mətbuatın banisi, publisist, təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyi və Xalq şairi, ədəbiyyatşünas Xəlil Rza Ulutürkün 80 illik yubileyi haqqında sərəncamlar imzalayıb.

5 İYUN

1908 – Məşhur şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə;

1908 – 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18–20 yaşlarında populyarlıq qazanıb. Qısa ömründə 10 şeir və poemalar toplusu nəşr olunub. Repressiya qurbanıdır.

1939 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov;

1939 – 28.1.2015) anadan olub. Lirik-fəlsəfi şeirlərin, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000–2010) olub.

1941 – Görkəmli aktyor, Əməkdar artist Hamlet Bəbir oğlu Xanızadə (1941 – 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, Akademik Dram Teatrında, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1949 – Xalq yazıçısı, dramaturq, ssenarist Natiq Rəsul oğlu Rəsulzadə Bakıda anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.

1951 – Əməkdar mədəniyyət işçisi, kino qrim rəssamı Elbrus Əbdülvahid oğlu Vahidov anadan olub.

1955 – Əməkdar mədəniyyət işçisi Lətafət Həmid qızı Müfidzadə anadan olub. Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbinin direktorudur.

6 İYUN 

1917 – Teatr xadimi, rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır, 1942–1969-cu illərdə bu teatrda quruluşçu rejissor və baş rejissor işləyib.

1929 – Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929–2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızı), Ayna Sultanova, Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərinin müəllifidir.

1929 – Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar Bakıda doğulub. İxtisas sahəsi ilə yanaşı, “Qədim və orta əsrlər Azərbaycanının görkəmli şəxsiyyətləri”, “Köhnə Bakı”, “Köhnə Şuşa” və s. kitabların müəllifidir.

1951 – Xalq artisti, opera müğənnisi Xuraman Əkrəm qızı Qasımova Bakıda doğulub. 1976-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub. Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, “Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır” filmlərində rol alıb.

1959 – Dirijor, Rusiya Federasiyasının Əməkdar artisti Etibar Əhmədağa oğlu Əhmədov Bakıda anadan olub. Novosibirsk Musiqili Komediya Teatrının dirijorudur.

1972 – Bakıda Nəriman Nərimanovun heykəlinin (heykəltəraş – Xalq rəssamı Cəlal Qaryağdı) açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MKnın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

7 İYUN

1905 – Azərbaycanın mətbuat və ictimai fikir tarixində mühüm rol oynamış “Həyat” qəzeti nəşrə başlayıb. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağaoğlu (Ağayev) və Əli bəy Hüseynzadə idi. 1906-cı il 3 sentyabrınadək Bakıda nəşr edilib.

1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssamlardan Qeysər Seyfulla qızı Kaşıyeva (1893 – 17.4.1972) Tifisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir. “Şərq qadını” jurnalında rəssam işləyib.

1922 – Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə (“Qlavlit”) yaradılıb. “Qlavlit” 80-ci illərin sonunda qismən ləğv edildi.

1924 – Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 – 3.12. 1996) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989–1991) işləyib. Teatr və televiziya tamaşalarında, filmlərdə (“Dəli Kür”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) filmlərdə yaddaqalan rollar oynayıb.

1946 – Kinodramaturq, rejissor, Xalq artisti Ramiz Məmmədəli oğlu Fətəliyev Bakıda doğulub. “Birisigün, gecəyarısı...”, “Sizi dünyalar qədər sevirdim” və s. filmlərin ssenari müəllifidir, “Hökmdarın taleyi” filminə quruluş (D.Fatxulin ilə birgə) verib. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1987–1995) olub.

1970 – Əməkdar artist Firdovsi Nurəddin oğlu Atakişiyev anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur, filmlərə çəkilib.

1981 – Bakının Şüvəlan qəsəbəsində yazıçıların Yaradıcılıq evinin açılışı keçirilib.

1997 – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” pyesinin yeni quruluşda (rejissor Cənnət Səlimova) tamaşası olub. Prezident Heydər Əliyev tamaşaya baxıb.

2019 – Azərbaycan Respublikası UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyasının Hökumətlərarası Komitəsinin üzvü (2019–2023) seçilib.

2019 – Bakıda, Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu işə başlayıb. Forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İtifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının iştirakı ilə reallaşıb. İyunun 11-dək davam edən tədbir çərçivəsində Beynəlxalq Memarlar İtifaqının Baş assambleyası, həmçinin eyni vaxtda IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib. 

9 İYUN

1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 – 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

1946 – Xalq artisti, tarzən Vamiq Məmmədəli oğlu Məmmədəliyev Bakının Kürdəxanı kəndində anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1956 – Əməkdar artist Sücəddin Qiyas oğlu Mirzəyev Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olub. Lənkəran Dövlət Dram Teatrının aktyorudur, filmlərə çəkilib.

1960 – Tanınmış rəssam Ucal Həsən oğlu Haqverdiyev (1960–2004) Bakıda anadan olub. Əsərləri Fransa, Avstriya, Almaniya, Türkiyə və s. ölkələrdə sərgilənib.

1960 – Xalq artisti, pianoçu Ülviyyə Vaqif qızı Hacıbəyova anadan olub. Bakı Musiqi Akademiyasının Fortepiano kafedrasının professorudur.

1960 – Əməkdar mədəniyyət işçisi Afaq Murtuz qızı Allahverdiyeva anadan olub. Azərbaycan Dövlət Film Fondunun əməkdaşıdır.

1984 – Naxçıvanda böyük şair-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.

1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib. Mahnı Teatrını yaradıb.

2002 – Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin (heykəltəraş – Əməkdar rəssam Görüş Babayev) açılışı keçirilib. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.

10 İYUN

1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə;

1904 – 27.12.1975) anadan olub. Elmi tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.

1910 – Əməkdar artist Anatoli Semyonoviç Urvantsev (1910– 1971) anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

1937 – Musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, akademik Zemfira Yusif qızı Səfərova anadan olub. Orta əsr risalələrini mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib. “Azərbaycanın musiqi elmi (XIII–XX əsrlər)” kitabını, qədim musiqi terminləri lüğətini tərtib edib.

1938 – Şair, tərcüməçi Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.

1948 – Tanınmış fortepiano ifaçısı, pedaqoq Namiq Həmid oğlu Sultanov Bakıda anadan olub. ABŞ-ın Kaliforniya ştatında yaşayır, San-Jose Dövlət Universitetinin Musiqi və Rəqs Məktəbinin professorudur.

1959 – Аzərbaycan SSR Nаzirlər Sоvеti “Аzərbаycаn SSR-də xаlçа və xаlçа məmulаtı istеhsаlını dаhа dа аrtırmаq və keyfiyyətini yаxşılаşdırmаq tədbirləri hаqqındа” qərar qəbul edib.

1960 – Əməkdar artist, diktor Nərgiz Tofiq qızı Cəlilova Gəncə şəhərində doğulub.

1973 – Xalq artisti, müğənni Gülyanaq Zakir qızı Məmmədova Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Mədəniyyət və İncəsənət Universiteti müəllimi, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistidir.

1982 – Bakıda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün xatirə muzeyi açılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

1983 – Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib.

1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib.

2008 – Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum başlanıb. Forum (10–11 iyun) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə keçirilib.

11 İYUN

1892 – Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) Bakıda doğulub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, xarakterik obrazların parlaq ifaçısı olub. “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.

1923 – Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev (1923–2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.

1954 – Əməkdar artist Çingiz Eynulla oğlu Əsədov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1998 – Prezident Heydər Əliyev görkəmli şair Mikayıl Müşfiqin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

2002 – Prezident Heydər Əliyev elm, mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə xidməti olmuş şəxslərə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” fərman imzalayıb.

2007 – Prezident İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” sərəncam imzalayıb.

12 İYUN

1928 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində (hazırda Ağstafa rayonu) doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

1932 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996–2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.

1943 – Tanınmış kinodramaturq və rejissor, Xalq artisti, professor Oqtay Mir Əsədulla oğlu Mir Qasım Bakıda doğulub. Filmləri: “Gümüşü furqon”, “Cin mikrorayonda”, “Anlamaq istəyirəm”, “Ovsunçu”, “Günaydın, mələyim!”, “Qisas almadan ölmə!” və s.

1944 – Əməkdar artist İvan Nikolayeviç Çumakov anadan olub. Akademik Opera və Balet Teatrının xor sinfi üzrə konsertmeysteridir.

1945 – Əməkdar rəssam Şərif Hacı oğlu Şərifov anadan olub.

1946 – Bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası olub. “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış edib.

1946 – Xalq rəssamı, heykəltəraş Xanlar Əhməd oğlu Əhmədov Bakıda anadan olub. Xocalı faciəsini əks etdirən silsilə əsərlərin müəllifidir.

1946 – Əməkdar memar Məmməd Hüseyn oğlu İbrahimov anadan olub.

1947 – Əməkdar artist, xoreoqraf Leyla Fərrux qızı Şıxlinskaya anadan olub. “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Gün keçdi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

1960 – Xalq artisti Qurban İbrahim oğlu İsmayılov anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur, filmlərə (“Yarımçıq xatirələr”, “Nar bağı”) çəkilib.

1977 – Əməkdar artist Məmmədkəbir Hacı oğlu Kərimov (1906–1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.

13 İYUN

1927 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 – 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində çəkilib.

1934 – Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İtifaqı yaradılıb. O vaxtadək Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrdə fəaliyyət göstərirdilər.

1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı, prodüser Qəhrəman Nəsib oğlu Hümbətov anadan olub.

1949 – Əməkdar artist Ədalət Məti oğlu Məmmədov Zərdab şəhərində doğulub. 1971-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb, bir çox filmlərin səsləndirilməsində və dublyajında iştirak edib.

1958 – Əməkdar artist Mövsüm Türbəndə oğlu Hüseynov anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyorudur.

1959 – Xalq artisti Bəsti Əli qızı Cəfərova anadan olub. Akademik Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb. Filmlərdə (“Canavar balası”, “Günaydın, mələyim!”) çəkilib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

2000 – Prezident Heydər Əliyev dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 800 illiyi haqqında fərman imzalayıb.

14 İYUN

1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888–1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.

1902 – İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 – 22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət xadimlərinin (Ü.Hacıbəyli, Ə.Əzimzadə), hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb.

1926 – Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 – 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən kollektivin bədii rəhbəri olub.

1947 – Bəstəkar, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano, simfonik orkestr və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, “Vətən” oratoriyası, caz kompozisiyaları və mahnıların müəllifidir.

1964 – Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad Balamurad oğlu Şirvanlı (İsrafilov) Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olub.

1965 – Azərbaycan SSR Nazirlər Soveti Bakı şəhərində Xalq rəssamı Əzim Əzimzadənin (1880–1943) vaxtilə yaşadığı evdə xatirə muzeyinin yaradılması barədə qərar qəbul edib. Muzey 1968-ci ildə fəaliyyətə başlayıb.

1966 – Əməkdar rəssam Həsən Bulud oğlu Qurbanov Naxçıvan şəhərində anadan olub.

1974 – Əməkdar artist Qorxmaz Rafiq oğlu Qurbanov anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrinin üzvüdür.

1982 – Xalq artist, müğənni Röya Ayxan (Röyalə Yaqub qızı Nəcəfova) anadan olub.

1998 – Prezident Heydər Əliyev görkəmli səhnə ustası və pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.

15 İYUN

15 iyun Azərbaycanda Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək dağılmaqda olan ölkənin rəhbərliyinə qayıtmaq barədə qərar qəbul edib. Bu, tarixi missiya idi. 1997-ci ilin iyununda Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi.