Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon Mədəniyyət Mərkəzinin fevral ayındakı tədbirlərindən

16.05.2020

Salyan rayon Mədəniyyət Mərkəzinin Kürqaraqaşlı kənd Diyarşünaslıq Evi, Beşdəli, Cəngən, Ərəbqardaşbəyli kənd klubları kənd kitabxanası ilə birgə görkəmli şair, dramaturq Əliağa Kürçaylının 92 illik yubileyi ilə əlaqədar “Gecələr ay olmaq istəyirəm mən” adlı ədəbi-bədii gecə keçirib. Rəsmilərin, mədəniyyət, təhsil və geniş ictimaiyyət nümayəndələrinin, həmçinin şairin qohumlarının iştirak etdiyi tədbirdə Əliağa Kürçaylının qısa, lakin mənalı ömür yolundan söz açılıb. Bildirilib ki, 1946-ci ildə “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gələn Əliağa Kürçaylının şeirləri sonradan müntəzəm olaraq mərkəzi və respublika dövri mətbuatında nəşr olunub. O, “Dünya ovcumdadır”, “Yollarda axtar məni”, “Bütövlük” kimi kitabları ilə məhşur olub. Onun poeziyasının dünən olduğu kimi sabah da gənclərə örnək olacağı xüsusi vurğulanıb. Qızı Ülkərin atasına qəlbən bağlılığı, atasının ölümündən sonra da həyata əlvida deməyindən söz açan natiqlər onlarla bağlı xatirələrini danışıblar. Gecədə qeyd olunub ki, Əliağa Kürçaylı dilimizi, poeziyamızı qoruyan böyük sənətkardır və onun xatirəsi əbədi yaddaşlarda qalacaq, daim anılacaq. Tədbirdə mədəniyyət nümayəndələri və məktəblilərin ifasında Əliağa Kürçaylının şeirləri səsləndirilib, həmçinin Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri onun şeirlərinə bəstələnən mahnılar ifa edib. Tədbirdən sonra şairin Kürqaraqaşlıdakı yaşadığı ev ziyarət olunub, qohumları ilə səmimi görüş keçirilib. Qeyd edək ki, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylı 1928-ci il fevralın 11-də Salyanın Kürqaraqaşlı kəndində doğulub. 1980-ildə vəfat edib və Bakı şəhərində dəfn olunub.