Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (01.06.2020-ci ilədək)

14.05.2020

15 MAY

1893 – Görkəmli türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.

1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903–1973) anadan olub.

1918 – Tanınmış ədəbiyyatşünas Əzizağa Hacıəli oğlu Məmmədov (1918–1986) Lənkəranda anadan olub.

1920 – Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.

1921 – Filosof, Əməkdar elm xadimi Midhət Mirmusa oğlu Ağamirov (1921– 1995) Şuşada anadan olub.

1922 – Bakı şəhərində “Bakı Fəhləsi” nəşriyyatı (indiki “Azərbaycan” nəşriyyatı) yaradılıb. Müxtəlif adlar altında (“İnternasional” , “Kommunist”) fəaliyyət göstərib.

1922 – SSRİ Xalq artisti, tanınmış bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operetaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycan SSR-in Mədəniyyət naziri (1965–1971) işləyib.

1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

1930 – Tanınmış şərqşünas, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930–1984) Gəncə şəhərində anadan olub.

1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931–1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.

1939 – Yazıçı-dramaturq, ədəbiyyatşünas Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) Şərur rayonunun Təzəkənd kəndində anadan olub. Alman ədəbiyyatından bir çox əsərləri dilimizə tərcümə edib.

1940 – Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü başlayıb.

1943 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Niftəliyev Tovuz rayonunda anadan olub.

1944 – Xalq artisti Əbdül (Abduləhəd) Əlisa oğlu Mahmudov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.

1946 – Əməkdar mədəniyyət işçisi Xalis Xalid oğlu Məmmədov Qəbələ rayonunun Bum kəndində doğulub. 1980-ci ildə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında iştirak edib, 2018-ci ilədək muzeyin direktoru olub.

1947 – Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmud qızı Mahmudova anadan olub. Bakıda Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktorudur.

1951 – Əməkdar mədəniyyət işçisi Akif Gülrza oğlu Əliyev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında mühəndis, film direktoru işləyib.

1963 – Əməkdar artist Mehriban Abdulla qızı Abdullayeva anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

1971 – Əməkdar artist, vokalçı Şirzad Abbasəli oğlu Hüseynov (1906–1971) vəfat edib. Opera və Balet Teatrının solisti olub.

1973 – Əməkdar mədəniyyət işçisi Vidadi Allahverdi oğlu Həsənov anadan olub. Akademik Musiqili Teatrda truppa müdiridir.

18 MAY 

18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzey Şurasının (ICOM) konfransında təsis olunub.

1920 – Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (hökumət) ölkədəki “teatr, kino, muzey və foyelərin milliləşdirilməsi” haqqında dekret verib. İyunda bütün kinematoqrafiya vasitələrinin müsadirəsi elan edilib.

1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906–1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.

1912 – Bakıda Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının ilk tamaşası olub.

1933 – Tanınmış ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933–2014) Qax rayonunun İlisu kəndində doğulub.

1948 – Əməkdar rəssam Nüsrət Süleyman oğlu Hacıyev Gəncə şəhərində anadan olub. Yaradıcılığı əsasən kitab qrafikasını əhatə edir.

1951 – Kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski anadan olub. Sənədli filmlərin müəllifidir. “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə rejissor assistenti olub.

1953 – Əməkdar mədəniyyət işçisi Svetlana Lətif qızı Məmmədova anadan olub. “İçərişəhər” Muzey Mərkəzində çalışır.

1959 – Azərbaycan SSR-nin fəxri adları haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı verilib.

1968 – Əməkdar incəsənət xadimi, aşıq İslam Qara oğlu Yusifov (1893–1968) vəfat edib.

1969 – Əməkdar incəsənət xadimi Məlahət Abbasova anadan olub. “Sürəyya”, “Mahmud və Məryəm”, “Sübhün səfiri” və s. filmlərdə çəkilib. 90-cı illərdən Türkiyədə yaşayır, İstanbul Bələdiyyə Teatrında çalışır.

2009 – Prezident İlham Əliyev “Azərbaycan teatrı 2009–2019-cu illərdə” “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı həmçinin Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və “Ədəbiyyat qəzeti”nin nəşrə başlamasının 75 illik yubileyi haqqında sərəncam imzalayıb.

2015 – Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub. İki gün (18–19 may) davam edən Forum “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusuna həsr olunub.

2017 – Parisdə, UNESCO-nun mənzil-qərargahında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

2019 – Prezident İlham Əliyev Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

19 MAY 

1898 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.

1907 – Bakıda “Bəhlul” satirik jurnalı nəşrə başlayıb. Redaktoru Ələsgər Əliyev olan jurnalın 9 sayı işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri ilk dəfə burada dərc olunub.

1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızıl gül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İtifaqının sədri (1938–1939), Kinematoqrafiya naziri (1945–1948) olub.

1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzü seçilib. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.

1948 – Əməkdar rəssam Nüsrət Süleyman oğlu Hacıyev anadan olub.

1950 – Əməkdar incəsənət xadimi Validə İmran qızı Məmmədova anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur.

1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900–1959) vəfat edib. Qubada doğulub. Azərbaycan dilini yaxşı bilib. 1919-cu ildən Dövlət Dram Teatrının aktrisası olub, milli opera və operetalarda da çıxış edib.

1964 – Əməkdar müəllim Ramiz Mahmud oğlu Əzizov anadan olub. Bakı şəhəri 30 nömrəli Musiqi məktəbinin müəllimidir.

2014 – Parisdə, UNESCO-nun mənzil-qərargahında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib. 

21 MAY 

21 may Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəlifik Günüdür (World Day for Cultural Diversity for Dialogue and Development). BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.

1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922–1984) Tovuz rayonunda doğulub.

1928 – Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” kinostudiyasında “Onun böyük ürəyi”, “Koroğlu”, “Əsl dost”, “Yenilməz batalyon” filmlərinə çəkilib.

1952 – Əməkdar memar Akif Hacı oğlu Abdullayev anadan olub.

1959 – Xalq artisti Natalya Yuryevna Şarovskaya anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır, filmlərə çəkilib.

1962 – Əməkdar mədəniyyət işçisi, kinoprodüser Adil Kərim oğlu Qulamov anadan olub.

1966 – Əməkdar artist Kəmalə Oqtay qızı Tağızadə Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistidir.

1990 – Prezident Ayaz Mütəllibov 28 mayın “Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilməsi barədə fərman imzalayıb. 1992-ci ildən 28 may Respublika Günü kimi qeyd olunur.

1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İtifaqı) sədri olub. “Onu bağışlamaq olarmı?” filmində çəkilib.

1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub. Yaradıcılığında portret janrı və mənzərə əsərləri xüsusi yer tutur. Əsərləri Tretyakov qalereyasında (Moskva), MDB ölkələrinin muzeylərində saxlanılır.

1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.

1946 – Xalq artisti Yasin Mikayıl oğlu Qarayev Şəmkir rayonunda anadan olub. 1974-cü ildən Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır, filmlərdə, teatr tamaşalarında maraqlı rollar oynayıb.

1952 – Əməkdar incəsənət xadimi, xanəndə Aqil Qədeşbala oğlu Məlikov anadan olub. Azərbaycan Milli Konservatoriyasında dərs deyir.

1958 – Əməkdar mədəniyyət işçisi Sevinc Tofiq qızı Mütəllibova anadan olub. Azərbaycan Televiziyasında çalışır.

1959 – Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü (dekada) başlayıb.

1960 – Xalq artisti, tanınmış pianoçu Yeganə Əsgər qızı Axundova anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.

1968 – Əməkdar artist, xanəndə Zakir Əlisahib oğlu Əliyev anadan olub. Azərbaycan Televiziyası və Radiosunun solistidir.

1998 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikasının fəxri adları haqqında” fərman imzalayıb. Dövlət başçısının 14 may 1999-cu il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”təsdiq edilib.

2009 – Prezident İlham Əliyev “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

2014 – Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Sətar Bəhlulzadənin ev-muzeyinin açılışı keçirilib.

23 MAY 

1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905– 1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.

1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

1920 – Azərbaycan İnqilab Komitəsinin qərarı ilə 1919-cu ildə Xəzər kooperativ itifaqı tərəfindən təşkil olunmuş Bakı şəhər kitabxanası (sonralar Sabir adına kitabxana) Xalq Maarif Komissarlığının ixtiyarına verilib.

1923 – Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib.

1955 – Şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli (Vaqif İtifaq oğlu Quliyev) Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.

1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009–2010) işləyib.

1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli Bakıda anadan olub. Xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.

1977 – Əməkdar artist Əkbər Müzəfər oğlu Əlizadə anadan olub. Akademik Musiqili Teatrın aktyorudur.

1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib. 

2012 – Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, digər qurumlarla birlikdə hazırladığı Proqram dövlət başçısının 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olundu.

2016 – Sloveniyanın paytaxtı Lyublyanada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin (müəllif – Ukraynada yaşayan azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov) açılış mərasimi keçirilib.

24 MAY 

1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874–1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında (1912) çap etdirib.

1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879–1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.

1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tifisdə doğulub. Fortepianoda muğamların ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib.

1893 – Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893–1938) Şəkidə anadan olub. Xalq maarifi komissarı (1922–1928), “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının məsul redaktoru işləyib. Repressiya qurbanıdır.

1898 – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 – 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. Azərbaycan mühacirətinin mətbu orqanlarında yazılar yazıb, İstanbulda vəfat edib.

1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899–1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviyaya həbs düşərgəsinə göndərilib. 1944-cü ilədək həbsdə qalıb.

1910 – Dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk operetası – “Ər və arvad” əsəri səhnələşdirilib. İlk tamaşa Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib. Əsas rollarda H.Sarabski (Mәrcan bәy), Ә.Ağdamski (Minnәt xanım) çıxış edib.

1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913–1988) Ağsu rayonunda Qəşəd kəndində doğulub.

1925 – Ədəbiyyatşünas, türkoloq Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.

1930 – Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.

1956 – Əməkdar mədəniyyət işçisi Elmira Rzayeva anadan olub.

1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında çalışıb. Kinoda (“Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Küçələrə su səpmişəm” və s.), televiziya tamaşalarında xarakterik obrazlar qalereyası yaradıb.

1949 – Əməkdar mədəniyyət işçisi Tağı Yusif oğlu Babayev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında kino mühəndisidir.

1954 – Əməkdar mədəniyyət işçisi, telejurnalist, yazıçı-publisist Telli Pənah qızı Əliyeva anadan olub. Akademik Musiqili Teatrın ədəbi hissə müdiridir.

1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir.

1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran – 1984) vəfat edib. Opera və Balet Teatrında çalışıb.

25 MAY

1936 – Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdi. 1936-cı ildə respublikanın musiqi qurumları Dövlət Filarmoniyasında birləşdirildi.

1942 – Əməkdar mədəniyyət işçisi Səidə Müslüm qızı Məmmədova anadan olub. Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Fortepiano kafedrasının professorudur.

1950 – Xalq artisti, tarzən Zamiq Balarza oğlu Əliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1952 – Əməkdar mədəniyyət işçisi Tərlan Qurban oğlu Babayev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında operator işləyir.

1955 – Xalq artisti Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz) Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Sumqayıt teatrında çalışıb, 1981- ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Filmlərdə (“Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü” və s.) çəkilib.

1971 – Əməkdar artist Münəvvər Sabir qızı Əliyeva Sumqayıtda doğulub. Akademik Milli Dram Teatrında çalışır, filmlərə, televiziya tamaşalarına çəkilib.

1991 – Əməkdar artist, dirijor, bəstəkar Turan İslam qızı Manafzadə Bakıda anadan olub. Türkiyədə yaşayır, müxtəlif ölkələrdə orkestrlərlə çıxış edib.

26 MAY 

1877 – Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.

1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xulufu (1894–1938) Şəmkir rayonunun Xulufu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifanın tətbiqində aktiv fəaliyyət göstərib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. “El aşıqları” toplusunu tərtib edib. Repressiya qurbanıdır.

1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı” və s.) müəllifidir.

1938 – Şair Adil Rəsul (1938–1997) Şamaxı şəhərində anadan olub. Şeirlərinə mahnılar (“Limanda”, “Gəl” və s.) bəstələnib.

1941 – Xalq artisti, tanınmış diktor Ofeliya Hacağa qızı Sənani anadan olub. “Dağlarda döyüş”, “Ulduzlar sönmür” və s. filmlərə çəkilib. “Azərbaycanfilm”in dublyaj şöbəsində işləyib, bir çox filmlərin qəhrəmanlarını səsləndirib.

1949 – Əməkdar rəssam, heykəltəraş Zeynalabdin Əli oğlu İsgəndərov Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.

1953 – Xalq yazıçısı, publisist Elmira Hüseyn qızı Axundova anadan olub. “Poliqrafçının ölümü”, “Həqiqət anı” və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə edib. 2005-ci ildən Milli Məclisin deputatıdır.

1976 – Bakıda Azərbaycan yazıçılarının VI qurultayı başlanıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qurultayda çıxış edib.

2008 – Prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İtifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb.

2012 – Bakıda “Eurovision” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. “Bakı Kristal Zal”da təşkil olunan müsabiqənin yarımfinalları 22 və 24 may tarixində gerçəkləşmişdi.

27 MAY 

1906 – Xalq artisti, teatr rejissoru Soltan Baba oğlu Dadaşov (1906–1969) Bakıda anadan olub. Opera və Balet Teatrında quruluşçu rejissor işləyib, Aşqabad teatrında M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya qoyub.

1906 – Yazıçı-dramaturq Şəmsəddin Bəhlul oğlu Abbasov (1906–1975) Xızı rayonunun Sayadlar kəndində doğulub. Opera və Balet Teatrının, Bakı kinostudiyasının direktoru olub, kinossenarilər yazıb.

1926 – Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 – 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına köçüb. Poemalar, roman və povestlər müəllifidir. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.

1949 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmmədağa Məmmədəli oğlu Umudov Bakının Əmircan qəsəbəsində anadan olub.

1951 – Əməkdar mədəniyyət işçisi Tağı Fərman oğlu Tağıyev Naxçıvan şəhərində doğulub.

1956 – Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 – 1956) vəfat edib. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin” və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir.

1992 – Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadın sözlərinə yazdığı “Azərbaycan marşı” Dövlət himni kimi təsdiq edilib.

1993 – Bakıda böyük şair-dramaturq Hüseyn Cavidin abidəsinin açılışı keçirilib. Hüseyn Cavid adına parkda ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur.

2011 – Prezident İlham Əliyev Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir (ilk Forum 2011-ci il 7–9 aprel tarixində keçirilib) təşkil edilməsi ilə bağlı fərman imzalayıb. Forumun təşkilində əlaqələndirici orqan kimi Mədəniyyət və Turizm Nazirliyi (2018-ci ildən Mədəniyyət Nazirliyi) müəyyən edilib.

28 MAY 

28 may Respublika Günüdür. 1918-ci il mayın 28-də Tifisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub.

1927 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 – 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.

1936 – Əməkdar artist Aqşin Məmmədəli oğlu Vəlixanov (1936 – 21.7.1998) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Kinoda, televiziya tamaşalarında rol alıb.

1947 – Görkəmli bəstəkar, pianoçu, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. “Vətən haqqında nəğmələr” oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, “Üç akvarel” vokal silsiləsi, “Boş beşik” baleti, “Nəsimi-Passion” və s. əsərlərin, filmlərə musiqilərin müəllifidir. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İtifaqının sədridir.

1950 – Əməkdar artist Svetlana Mixaylovna Bulax anadan olub. Akademik Musiqili Teatrın aktrisasıdır.

1955 – Filologiya elmləri doktoru, akademik Muxtar Kazım oğlu İmanov anadan olub. AMEA-nın Folklor İnstitutunun direktorudur.

1963 – Xalq artisti Naibə Siyavuş qızı Allahverdiyeva anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır, televiziya tamaşalarına, filmlərə çəkilib.

1967 – Əməkdar memar Famil Adil oğlu Ağayev anadan olub.

2002 – Prezident Heydər Əliyev “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” fərman imzalayıb.

30 MAY 

1862 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862 – 12.7.1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

1929 – Xalq artisti, baletmeyster Maqsud Davud oğlu Məmmədov Gəncədə doğulub. Həyat yoldaşı – Xalq artisti Rəfiqə Axundova ilə birlikdə Akademik Opera və Balet Teatrının aparıcı solisti olub, “Dədə Qorqud”, “Qərib cinlər diyarında” filmlərində rəqslərə quruluş veriblər.

1930 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Fikrət Abbas oğlu Sadıq (1930 – 16.11.2016) Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

1948 – Xalq rəssamı Tahir Rəşid oğlu Tahirov (1948 – 12.9.2019) Bakıda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib, filmlərdə (“Cavad xan”, “Sübhün səfiri” və s.) geyim rəssamı olub.

1954 – Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən Akademik Milli Dram Teatrında çalışır. “Tütək səsi”, “Tənha narın nağılı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə çəkilib.

1962 – Əməkdar artist Güşvər Fətulla qızı Şərifova anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

1967 – Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 – 1967) vəfat edib.

1974 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrı “sovet teatr sənətinin inkişafında böyük xidmətlərinə görə” “Lenin” ordeni ilə təltif edilib.

2013 – Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi olub. Forum (29 may – 1 iyun) “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında keçirilib.