Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (01.05.2020-ci ilədək)

16.04.2020

16 APREL

1906 – Bakıda “Dəbistan” adlı maarifçi jurnal nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Əlisgəndər Cəfərzadənin naşiri olduğu jurnalın fəaliyyətində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və b. tanınmış ziyalılar iştirak ediblər.

1913 – Əməkdar artist Kərim Xankişi oğlu Sultanov (1913–1975) Tovuz rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 – 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri – Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.

1934 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Gəl qohum olaq”, “Amerikalı kürəkən”), simfonik əsərlər, mahnılar (“Oxu, tar”, “Dalğalar”, “Bayram axşamları” və s.), “Alma almaya bənzər”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.

1949 – Azərbaycan K(b)P MK Bürosu “Kinolaşdırmanın vəziyyəti və respublika əhalisinə kino xidmətinin yaxşılaşdırılması üzrə tədbirlər haqqında” qərar qəbul edib.

1998 – Prezident Heydər Əliyev görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

2007 – Prezident İlham Əliyev Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

17 APRЕL  

1884 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884 – 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899 – 6.1.1975) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetinin professoru olub, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.

1924 – Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rizayev (1924–1978) İrəvanda doğulub. Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini olub.

1928 – Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 – 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

1938 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Üzeyir Hacıbəyli, Şövkət Məmmədova və Bülbül SSRİ Xalq artisti fəxri adına layiq görülüblər.

1947 – Əməkdar artist Akif Əhməd oğlu Mirabov Yevlaxda anadan olub. Mingəçevir Dövlət Dram Teatrının aktyorudur.

1947 – Əməkdar artist Eldar Nağı oğlu Abdullayev Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında çalışır.

1948 – Əməkdar incəsənət xadimi, musiqişünas Həcər Teymur qızı Babayeva anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.

1956 – Əməkdar mədəniyyət işçisi Sevda Lətif qızı Malışova anadan olub. Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq incəsənət məktəbində çalışır.

2006 – Prezident İlham Əliyevin fərmanı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006– 2010-cu illər)” təsdiq olunub.

2015 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (16.4.1934 – 2015) vəfat edib.

2019 – Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

18 APRЕL

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 1983-cü ildə UNESCO yanında Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilib.

1873 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (1873 – 6.9.1945) Şuşada anadan olub. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.

1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 – 8.6.1981) Tifisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb.

1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

1940 – Azərbaycanın ilk baleti – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsərinin ilk tamaşası (rejissor İsmayıl Hidayətadə, xoreoqraf Vaxtanq Vronski) olub.

1941 – Teatr rəssamı Solmaz Manaf qızı Haqverdiyeva (1941–2000) Bakıda anadan olub. Akademik Milli Dram, Kukla, Gənclər teatrlarında işləyib.

1945 – Əməkdar rəssam Vaqif Xosrov oğlu Ağayev anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı işləyib.

1953 – Azərbaycan SSR Mədəniyyət Nazirliyi yaradılıb. Azərbaycan SSR Qanununa əsasən, yeni nazirlik Kinematoqrafiya Nazirliyi, Mədəni-Maarif Müəssisələri Komitəsi, Radio Komitəsi, İncəsənət İşləri İdarəsi, Poliqrafiya Sənayesi, Nəşriyyat və Kitab Ticarəti İşləri İdarəsinin birləşdirilməsi nəticəsində təşkil edilib. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Məmməd Həmid oğlu Ələkbərov respublikanın ilk Mədəniyyət naziri təyin edilib. Bundan öncə 15 mart 1953-cü il tarixli SSRİ Qanununa əsasən SSRİ Mədəniyyət Nazirliyi yaradılmışdı.

1954 – Xalq artisti, müğənni Zümrüd Mövlud qızı Məmmədova Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Müdafiə Nazirliyi Əlahiddə nümunəvi hərbi orkestrinin solistidir.

1959 – Xalq artisti, bəstəkar, cazmen Salman Hüseyn oğlu Qəmbərov anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının bədii rəhbəridir.

1963 – Əməkdar mədəniyyət işçisi Sevda Nürəddin qızı Həbibova anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşıdır.

1965 – Əməkdar müəllim Mehin Əli qızı Orucova anadan olub. Bakı şəhəri C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin direktorudur.

1969 – Əməkdar artist, kino aktyoru Cavanşir Rüfət oğlu Hadıyev anadan olub.

1978 – Xalq artisti Gülağası Agahüseyn oğlu Mirzəyev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının solistidir.

1991 – Əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934 – 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s.

19 APRЕL

1905 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (1905 – 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.

1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.

1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 – 5.12.1996) Zaqatalada anadan olub. “Nəğməli könül”, “Məhəbbət olmayanda”, uşaqlar üçün “Lalənin kitabı”, “Atlas yarpaqlar” və s. kitabların müəllifidir.

1927 – Əməkdar artist Tamara Nuran qızı Məmmədova (1927–2000) Naxçıvanda doğulub. Naxçıvan Musiqili Dram Teatrının aktrisası olub.

1940 – Əməkdar incəsənət xadimi, yazıçı-tərcüməçi Tahirə Ənvər qızı Cəfərova Bakıda anadan olub. Azərbaycan ədəbiyyatından fin dilinə, Finlandiya ədəbiyyatından Azərbaycan dilinə tərcümələrin müəllifidir.

1949 – Xalq artisti Qabil Əzizulla oğlu Quliyev Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında çalışır, filmlərə çəkilib.

1954 – Tanınmış rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı (1954 – 2.4.2019) Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir, Akademik Milli Dram teatrlarında tamaşalara, “Yük”, “Cavad xan” filmlərinə quruluş verib.

1955 – Əməkdar mədəniyyət işçisi, kitabxanaçı Mehdi İstəməli oğlu Mehdizadə Saatlı rayonunda anadan olub.

1969 – Əməkdar artist Maqsud Fazil oğlu Məmmədov anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur.

1972 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası musiqiçi kadrlar hazırlamaqda xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.

2001 – Prezident Heydər Əliyevin sərəncamı ilə “Azərkinovideo” İstehsalat Birliyi ləğv edilib və onun funksiyaları Mədəniyyət Nazirliyinə verilib.

2011 – Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı konsert proqramı təşkil olunub.

20 APRЕL  

1894 – Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 – 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Səbuhi”, “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” və s. filmlərin rejissorudur. Akademik Dram Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

1906 – Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva (1906 – 3.12.1953) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevin qızıdır.

1907 – Xalq şairi Məmməd Rahim (1907 – 6.5.1977) anadan olub. “Leninqrad göylərində”, “Abşeron torpağında”, “Natəvan” poemaları, “Xaqani” mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

1916 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Cahangir qızı Zeynalova (1916 – 10.3.2004) Bakıda anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qanun naminə”, “Qayınana”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

1920 – Əməkdar incəsənət xadimi Əşrəf Hacı oğlu Quliyev (1920–1994) Bakıda doğulub. İrəvan Azərbaycan Dram Teatrında aktyor, Akademik Milli Dram Teatrında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində Rejissor sənəti kafedrasının müdiri olub.

1920 – Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 – 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən “Gözəllər gözəli”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.

1926 – Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926–2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.

1929 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynov Bakıda anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Doktor N” və s. romanların müəllifidir. 50-ci illərdən Moskvada yaşayıb, Moskva Dövlət Universitetinin professoru olub. 2014-cü ildən İsraildə yaşayır.

1944 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861–1944) vəfat edib.

1948 – Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas, filologiya elmləri doktoru Vaqif Əziz oğlu Yusifi Masallı rayonunun Ərkivan kəndində anadan olub.

1954 – Əməkdar artist Viktor Cəmiloviç Bağırov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1959 – Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Televiziya tamaşalarında, filmlərdə (“Otel otağı”, “Girişmə, öldürər”) maraqlı rollar oynayıb.

1959 – Əməkdar rəssam, xalçaçı Taryel Ağaveys oğlu Bəşirov anadan olub. Azərbaycan Milli Xalça Muzeyində çalışır.

1964 – Əməkdar mədəniyyət işçisi Aleksandr Petroviç Fyodorov anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışır.

1980 – Əməkdar artist Nailə Faiq qızı Məmmədzadə anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

1983 – Bakıda uşaqların bədii yaradıcılıq qalereyası açılıb.

1997 – Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin geniş qeyd edilməsi haqqında fərman imzalayıb.

2007 – Prezident İlham Əliyev Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

2012 – İtaliyanın paytaxtı Romada Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsinin (heykəltəraşlar – Əli İbadullayev və Səlhab Məmmədov) açılışı olub. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

2015 – Bakıda VI Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı başlayıb. Festival aprelin 24-dək davam edib.

2018 – Prezident İlham Əliyev “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Dövlət başçısının 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev mədəniyyət naziri təyin edilib.

21 APRЕL 

1931 – Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 – 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən “Moskonsert”in solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.

1951 – Əməkdar artist, opera müğənnisi Cəlil bəy Əmrah oğlu Bağdadbəyov (1887–1951) vəfat edib.

1953 – Əməkdar artist Tofiq Kamal oğlu Cabbarov anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrində zərb alətləri ifaçısı, “Bakuba” caz qrupunun rəhbəridir.

1965 – Əməkdar mədəniyyət işçisi, kinorejissor Çingiz Fehruz oğlu Həsənov anadan olub.

1978 – Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

1986 – Əməkdar artist Nigar Rafael qızı İbrahimova anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

1989 – Əməkdar artist, tarzən Şəhriyar Ayaz oğlu İmanov anadan olub. Bakıda keçirilən III Beynəlxalq Muğam Müsabiqəsinin (2013) qalibidir.

2009 – Prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İtifaqının maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

1894 – Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 – 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Görüş”, “Şərikli çörək” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

1911 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 – 25.5.1991) Zəngəzur mahalının Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

1912 – Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 – 10.5.1994) anadan olub.

1935 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (1935–2009) Ağdamda doğulub. Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

1942 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluç (1942 – 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı” və s.) maraqlı obrazlar yaradıb, “Pəncərə” filminə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib.

1954 – Əməkdar mədəniyyət işçisi, aktyor Arif Cahangir oğlu Kərimov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışır, 30-dan çox filmdə çəkilib.

1960 – Əməkdar artist Musa Eyyub oğlu Eyyubov anadan olub. Qazax Dövlət Dram Teatrının baş rejissorudur.

1981 – Əməkdar incəsənət xadimi, truba ifaçısı Rüfət Yusif oğlu Axundzadə anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyir.

1983 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909 – 1983) vəfat edib. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. 

1997 – Milli Məclis Azərbaycan Respublikasının “Avropa mədəniyyət Konvensiyası”na (1954-cü il 19 dekabr tarixli) qoşulması barədə qanun qəbul edib.

2014 – Prezident İlham Əliyev Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2019 – Bakıda X Beynəlxalq Rostropoviç Festivalının (22–27 aprel) açılışı olub. Ənənəvi festival 2007-ci ildən Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçirilir.

23 APRЕL

23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.

1909 – Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909 – 6.8.1982) Bakıda doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub, Cümhuriyyətin süqutundan sonra ailəsi Türkiyəyə mühacirət edib. Səməd Ağaoğlu Türkiyə Böyük Millət Məclisinin üzvü, baş nazirin müavini, nazir olub.

1932 – Ümumitifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” qərar qəbul edib. Qərardan sonra Azərbaycanda da teatr sənətində, ədəbiyyatda sosialist yeniliklərin əks olunması siyasi tələbə çevrildi.

1933 – Azərbaycan Həmkarlar İtifaqları Şurası maşın-traktor stansiyaları (MTS) və sovxozlarda müstəqil və səyyar kitabxanaların yaradılması haqqında qərar qəbul edib.

1945 – Əməkdar mədəniyyət işçisi Cahangir Bahadır oğlu Qaraşov Salyan rayonunda anadan olub.

1953 – Xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda doğulub. Dövlət Xor Kapellasının bədii rəhbəri, Opera və Balet Teatrının baş dirijoru olub.

1966 – Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Dövlət Gənclər Teatrında işləyib, Akademik Milli Dram Teatrında çalışır, film və televiziya tamaşalarına çəkilib.

1970 – Əməkdar rəssam Sevda Rafiq qızı Sadıxbəyova anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektorudur.

1973 – Əməkdar artist Səbinə Vaqif qızı İbrahimova anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin solistidir.

1980 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ Xalq artisti Rəşid Məcid oğlu Behbudova “sovet musiqi sənətinin inkişafında görkəmli xidmətlərinə görə” Sosialist Əməyi Qəhrəmanı adı verilib.

1998 – Respublika Sarayında Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 85 illiyi münasibətilə təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

2018 – Prezident İlham Əliyev görkəmli teatr rejissoru, aktyor, teatrşünas və pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

24 APRЕL 

1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866–1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

1923 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə Dadaş Bünyadzadə adına Dövlət Teatrı (Dövlət Türk Teatrı) Dövlət Malı Teatrı adlandırılıb. Daha sonra adı bir neçə dəfə dəyişdirilən teatr 1933-cü ildən Azərbaycan Dövlət Dram Teatrı oldu.

1941 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (1941–2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

1945 – Əməkdar artist Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. “Əhməd haradadır?”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib. “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.

1962 – Xalq artisti, kamança ifaçısı Munis Məhəmmədismayıl oğlu Şərifov anadan olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının bədii rəhbəridir.

1962 – Əməkdar müəllim Gülnarə Hafiz qızı Səfərova anadan olub. Bakı şəhəri T.Quliyev adına 12 nömrəli Musiqi məktəbinin direktorudur.

2011 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 – 2011) vəfat edib.

26 APRЕL  

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.

1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanları, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.

1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.

1956 – Əməkdar mədəniyyət işçisi Əli Teymur oğlu Qasımov Qazax rayonunda anadan olub. Gəncə Dövlət Dram Teatrının direktorudur.

1965 – Xalq artisti, müğənni Eyyub Zəkəriyyə oğlu Yaqubov Bakıda anadan olub.

1966 – Əməkdar artist, müğənni Xumar İtifaq qızı Qədimova Qazax rayonunda anadan olub.

1972 – Bakıda Azərbaycan rəssamlarının VII qurultayı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev qurultayda çıxış edib.

1972 – Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (2014-cü ildən Azərbaycan Xalça Muzeyi) ilk ekspozisiyası İçərişəhərdəki Cümə məscidinin binasında açılıb.

2016 – Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun (25– 27 aprel) rəsmi açılışı olub. Forumda dünyanın 140 ölkəsindən nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

27 APRЕL

1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940–2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.

1949 – Əməkdar incəsənət xadimi, musiqişünas Sənubər Yusif qızı Bağırova anadan olub. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) üzvüdür.

1951 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub. Moskvada Beynəlxalq musiqi müsabiqəsinin (1974) qalibi olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) müəllim işləyib.

1951 – Tanınmış rəssam Altay Oqtay oğlu Sadıqzadə Bakıda anadan olub. Azərbaycanın avanqard rəssamlığının nümayəndəsidir. Bakıda Müasir İncəsənət Muzeyinin tərtibat müəllifidir.

1956 – Əməkdar artist Ulduzə Süleyman qızı Nəsir anadan olub. Mingəçevir teatrında işləyib. Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır.

1964 – Xalq artisti, tanınmış instrumental ifaçı Əlixan İmamxan oğlu Səmədov Sumqayıtda anadan olub. 1993-cü ildən Türkiyədə yaşayır. Balaban ifaçılığı ilə şöhrət qazanıb.

2007 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927 – 2007) vəfat edib.

28 APRЕL  

1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 – 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.

1916 – Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub. Musiqili Komediya Teatrının baş rəssamı işləyib.

1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916–2005) anadan olub. Simfonik əsərlərin, romansların, “Duyğular” vokal silsiləsinin müəllifidir.

1917 – Xalq artisti Məhluqə Sadıqova (1917 – 15.8.2003) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

1920 – Məşhur tarzən, Xalq artisti Hacı Məmməd oğlu Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.

1920 – Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 – 28.1.1987) anadan olub.

1921 – Tanınmış dilçi alim, professor Məmməd Tağı oğlu Tağıyev (1921 – 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir.

1923 – Bakıda Azərbaycan Foto-Kino İdarəsi nəzdində 1-ci Dövlət kinofabrikinin (indiki C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) rəsmi açılışı keçirilib.

1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 – 6.7.1994) Lerik rayonun Kürdəsər kəndində doğulub. “Dağlar oğlu”, “Torpağın ətri” və s. romanların müəllifidir.

1929 – Dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova (1929–1989) İrəvanda anadan olub.

1954 – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 25 illiyi qeyd olunub.

1956 – Tanınmış tarzən Gülağa Tapdıq oğlu Zeynalov (1956 – 2.1.2015) Şuşa şəhərində doğulub. Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri olub.

1957 – Əməkdar mədəniyyət işçisi, sənətşünas Alla Hacıağa qızı Bayramova anadan olub. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktorudur.

1957 – Əməkdar mədəniyyət işçisi Xuraman Böyükağa qızı Pişiyari anadan olub. Azərbaycan Dövlət Film Fondunun əməkdaşıdır.

1957 – Əməkdar mədəniyyət işçisi Yuri Çingizoviç Babayev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavinidir.

1958 – Əməkdar artist, müğənni Bəsti Sevdiyar qızı Sevdiyeva anadan olub.

29 APRЕL

29 aprel Beynəlxalq Rəqs Günüdür (İnternational Dance Day). 1982-ci ildə UNESCO nəzdində Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib.

1916 – Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ilk dəfə “Nicat” teatr truppası tərəfindən Tağıyev teatrında tamaşaya (quruluşçu rejissor Hüseynqulu Sarabski) qoyulub.

1919 – Kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər Mütəllim oğlu İbrahimov (1919 – 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.

1920 – Azərbaycanda sovet hökumətinin ilk qəzeti – “Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin əxbarı” (rus və Azərbaycan dillərində) nəşrə başlayıb.

1922 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiyası Əli Bayramov adına Mərkəzi klubun nəzdində balet studiyasının açılması barədə qərar qəbul edib.

1941 – Azərbaycan KP MK-nın Büro iclasında Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsi haqqında qərar (yubiley mərasimi 1941-ci il 16 oktyabr tarixinə təyin olunmuşdu) qəbul edilib.

1947 – Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva anadan olub. Azərbaycan muğamı ensiklopediyası”nın tərtibçisi, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) üzvüdür.

1957 – Əməkdar artist Rəhman Tofiq oğlu Rəhmanov Bakıda anadan olub. Azərbaycan Dövlət Kukla Teatrında çalışır, filmlərdə çəkilib.

1962 – Əməkdar rəssam Səbinə Aleksandrovna Şıxlınskaya anadan olub. Müasir konseptual incəsənətin təşviqatçısı, müxtəlif layihələrin kuratorudur.

1965 – Əməkdar artist, cazmen, saksofon ifaçısı, bəstəkar Rain Ələddin oğlu Sultanov Bakıda doğulub.

1967 – Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Pərviz oğlu Cəfərov Bakıda anadan olub. Çəkdiyi filmlər: “Dolu”, “Yarımçıq xatirələr” və s.

2000 – Prezident Heydər Əliyev Xalq şairi Rəsul Rzanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.