04.04.2020
Xalça “Hacıqayıb”
Quba qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun. Xovlu, əl işi. İnv. № 9504
Xalça italiyalı kolleksioner Mirko Kattai (Mirco Cattai) tərəfindən 2018-ci ildə hədiyyə edilmişdir.
Quba-Şirvan növlü xalçaların qədim nümunələrindən biri olan “Hacıqayıb” xalçası Qubanın eyni adlı kəndinin adı ilə bağlıdır.
Xalçanın ara sahəsini “kilimgülü”, “kətəbə” və “burma” elementləri təşkil edir. Onların düzülüşü Quba xalçalarına xarakterik olaraq aşağıdan yuxarıya doğru rapportlu şəkildə tərtib olunmuşdur. Doldurucu elementlərin o cümlədən, “daraq”, “ağac”, “quş”, “ulduz” naxışlarını da ara sahə yerliyində görmək olur.
Haşiyə qurşağı ana və bala haşiyələrlə tərtib olunub. “Qoşa quş”, “kilimgülü”, “şamdan” və “əjdaha” naxışları haşiyə boyu ritmik olaraq verilmişdir. “Şamdan” və “əjdaha” elementli haşiyə qurşağı xalçanın yalnız yuxarı tərəfini təşkil etdiyindən kompozisiyaya xüsusi özəllik verir.
Xalçanın hər bir elementinin semantik məna çalarları maraq doğurur və onlar əsasən qoruyucu xüsusiyyətlərə malikdir.
Xalçanın rəng çalarları ahəngdar və sabitdir. Ara sahə və ana haşiyənin şəkəri yerliyi üzərində təsvir olunmuş elementlər təbii boyaqlarla boyanmış, tünd qırmızı, sürməyi, qızılı, göy və yaşıl rənglərlə toxunmuşdur:
.https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi/videos/vb.161986120484221/219182149324661/?type=2&theater