Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (15.04.2020-ci ilədək)

03.04.2020

2 APREL

2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür. Danimarkalı yazıçı Hans Xristian Andersenin (1805–1875) doğum günü şərəfinə Beynəlxalq Uşaq Kitabları Şurası (İBBY) tərəfindən təsis olunub.

1870 – Şair Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 – 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən ədəbi tərcümələr edib.

1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatın”, “Xurşidbanu Natəvan”, “Aşıq Pəri”) və s. əsərlərin müəllifidir.

1932 – Ədəbiyyatşünas, yazıçı, tərcüməçi, Xeyrulla Salman oğlu Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində doğulub. Milli Məclisin deputatı olub.

1965 – Xalq artisti Pərvanə Yaqub qızı Qurbanova anadan olub. 1981-ci ildən Gəncə Dövlət Dram Teatrının aktrisasıdır.

2007 – Prezident İlham Əliyev “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” sərəncam imzalayıb.

2011 – Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı başlayıb. Böyük bəstəkarın xatirəsinə həsr olunmuş festival ilk dəfə 1986-cı ilin martında təşkil olunmuş, daha sonra 1988, 1990-cı illərdə keçirilmişdi. 21 il sonra festival bərpa olunub. Aprelin 8-dək davam edən festivalda 10-dan çox ölkədən musiqi qrupları iştirak etmişdi.

3 APRЕL

1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908–1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. İki dəfə Dövlət (Stalin) mükafatına layiq görülüb.

1922 – Tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922–1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.

1942 – Əməkdar mədəniyyət işçisi Möysünə Maxsud qızı Hüseynova anadan olub. Ağdaş şəhər Habil Əliyev adına Uşaq musiqi məktəbinin direktoru işləyib.

1957 – Əməkdar memar Ravil Saleh oğlu Baybekov anadan olub.

1959 – Əməkdar mədəniyyət işçisi Nəzakət Əsəd qızı Əsədova Naxçıvan MR Ordubad rayonu Biləv kəndində doğulub. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin (Naxçıvan) direktorudur.

1960 – Ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor Asif Abbas oğlu Hacıyev Gürcüstanın Borçalı mahalının Sarvan şəhərində doğulub. Bakı Slavyan Universitetinin rektoru işləyib.

1961 – Əməkdar artist Fuad Yaşar oğlu İmanov anadan olub. Akademik Opera və Balet Teatrının orkestrinin solistidir.

1962 – Əməkdar artist Namis Xanmirzə oğlu Şirməmmədov Ağsu rayonunda doğulub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub, hazırda teatrda quruluşçu rejissor işləyir.

1963 – Əməkdar mədəniyyət işçisi Rəşad Rüfət oğlu Əhmədzadə anadan olub. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktorudur.

1968 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə “Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahıları” təsdiq edilib.

2000 – Prezident Heydər Əliyev tanınmış yazıçı və dramaturq Sabit Rəhmanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2012 – Prezident İlham Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şairə Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2014 – Prezident İlham Əliyev milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Barat Şəkinskayanın 100 illiyi haqqında sərəncam imzalayıb.

4 APREL

1898 – Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-MəlikYeqanova (1898–1987) Lənkəranda anadan olub. 30–40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.

1913 – Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 – 4.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Teatrında, Akademik Milli Dram Teatrında çalışıb. “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Həyat bizi sınayır” və s. filmlərdə çəkilib, bir sıra filmlərdə aparıcı rolları səsləndirib.

1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 – 22.7.2011) Göyçayda anadan olub.

1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub. “Azərbaycanfilm” kinostudiyasında 50-dən çox filmdə (“İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Nizami”, “Ölsəm... bağışla” və s.) maraqlı obrazlar yaradıb.

1936 – Baletmeyster, Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Nailə Məmməd qızı Nəzirova Bakıda anadan olub. 1991-ci ildən Fransada yaşayır.

1950 – Əməkdar incəsənət xadimi, tarzən Nazim Kazım oğlu Kazımov Naxçıvan şəhərində anadan olub.

1953 – “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İtifaqının orqanı idi. 1991-ci ildən ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı.

6 APRЕL

1935 – Əməkdar mədəniyyət işçisi, aşıq Şərbət Fətiyev (1935–2016) Şamaxıda doğulub.

1939 – Xalq artisti, kinorejissor, ssenarist, yazıçı, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) Bakıda anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Əzablı yollar”, “Vulkana doğru”, “Oxuyur Müslüm Maqomayev” və s.

1953 – Xalq artisti Kazım Ənvər oğlu Abdullayev Bakıda anadan olub. Sumqayıt teatrında çalışıb, Akademik Milli Dram Teatrının aktyorudur. Filmlərə, teleseriallara çəkilib.

1953 – Əməkdar müəllim Siala Vaxtanqovna Sinamdzqvarişvili Bakıda doğulub. G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin müəllimi (fortepiano), Bakı Musiqi Akademiyasının professorudur.

1967 – Əməkdar artist İzaməddin Zeynal oğlu Bağırov anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyorudur.

7 APRЕL

1906 – Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906–1918-ci illərdə Tifisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

1930 – Tanınmış jurnalist, mədəniyyət xadimi Azad Ağakərim oğlu Şərifov (1930 – 24.12.2009) anadan olub. Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform”un (indiki AZƏRTAC) direktoru işləyib.

1959 – Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. Detektiv janrında əsərləri ilə dünya miqyasında tanınıb. 200-dək roman və povestin, ssenarilərin, çoxsaylı publisistik məqalələrin müəllifidir. Əsərləri 30-dək dilə tərcümə olunub.

2011 – Bakıda I Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Forum (7–9 aprel) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində keçirilib. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, İSESCO və digər təşkilatların dəstək verdiyi tədbirdə 100-dən çox ölkə təmsil olunub. Prezidentin 27 may 2011-ci il tarixli fərmanı ilə iki ildən bir keçirilən Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyidir.

9 APRЕL

1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin tərtibçisidir.

1931 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Rahib Abuzər oğlu Hüseynov (1931 – 5.5.1994) Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun rektoru olub.

1944 – Əməkdar rəssam Aydın Məhəmmədağa oğlu Rəcəbov Bakıda doğulub. Süjetli xalçaların (“Şirinin Bisütuna gəlməsi”, “Bahar qızı”, “Şərq gözəli” və s.) müəllifidir.

1946 – Tanınmış aktyor və rejissor Ceyhun Cəmil oğlu Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. “Fəryad” filminin rejissoru və baş rol ifaçısıdır.

1951 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Fərhad Bəybala oğlu Naibov anadan olub. Azərbaycan Televiziyasının əməkdaşıdır.

2000 – Bakıda böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının, UNESCO-nun baş direktoru K.Matsuuranın iştirakı ilə qeyd olunub. Yubiley münasibətilə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təntənəli mərasim, “Gülüstan” sarayında rəsmi qəbul keçirilib.

2000 – Bakıda, Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş və burada şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin açılışı keçirilib.

2001 – Bakı Uşaq Teatrı yaradılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı imzalanıb. Bakı Şəhər Mədəniyyət İdarəsinin tabeliyində yaradılan teatr 2002-ci ildə fəaliyyətə başlayıb.

2013 – Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Proqram dövlət başçısının 23 may 2012-ci il tarixli sərəncamıma əsasən hazırlanıb.

10 APRЕL

1923– Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.

1928 – Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928– 2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.

1930 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930–1996) Quba rayonunda anadan olub.

1939 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1944 – Əməkdar artist, bəstəkar, pianoçu, orqan ifaçısı Arif Abdulla oğlu Mirzəyev Bakıda anadan olub. “Yanvar mərsiyələri”, “Xocalı uşaqlarına layla”, orqan üçün musiqi əsərlərinin müəllifidir. Almaniyada yaşayır.

1956 – Şairə, bəstəkar, tərcüməçi Xanım İsmayılqızı (Qarayeva) anadan olub. Sözlərinə populyar mahnılar bəstələnib, mahnılar yazıb.

1962 – Əməkdar mədəniyyət işçisi, musiqi müəllimi İlhamiz Əmir oğlu Paşayev Ağdam rayonunda anadan olub.

1967 – Əməkdar rəssam Məmmədhüseyn Allahqulu oğlu Hüseynov anadan olub.

1979 – Məşhur dilçi alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (8.7.1909 – 1979) vəfat edib. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.

1979 – Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922–1979) vəfat edib.

1998 – “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib.

2004 – Azərbaycanda Atatürk Mərkəzinin təntənəli açılış mərasimi olub. Mərkəz Prezident Heydər Əliyevin 2001-ci il 9 mart tarixli sərəncamı ilə yaradılıb. Açılış mərasimində Prezident İlham Əliyev, Türkiyənin dövlət naziri Bəşir Atalay iştirak edib.

2008 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (16.10.1926 – 2008) vəfat edib.

2012 – Prezident İlham Əliyev görkəmli yazıçı, dramaturq, Publisist Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında sərəncam imzalayıb.

2019 – Prezident İlham Əliyev Azərbaycan ictimai fikrinin tanınmış nümayəndələrindən biri, publisist, şərqşünas Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

11 APRЕL 

1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

1908 – Məşhur paleontoloq alim, akademik Musa Mirzə oğlu Əliyev (1908–1985) Şamaxı şəhərində doğulub. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1950–1958) olub.

1934 – Tanınmış fotojurnalist, Əməkdar incəsənət xadimi Yaşar Xəlilov (1934– 2018) Bakıda doğulub. Beş olimpiadanı (1972–1988) işıqlandırmış yeganə azərbaycanlı jurnalistdir.

1946 – Əməkdar mədəniyyət işçisi Qəmər Rəsul qızı Quliyeva anadan olub. Bakı şəhəri R.Behbudov adına 2 nömrəli Musiqi məktəbinin direktorudur.

1951 – Xalq rəssamı, heykəltəraş Əli Əziz oğlu İbadullayev Bakının Əmircan kəndində doğulub. “Xocalı” abidəsi (Berlin), Nizami Gəncəvinin heykəli (Roma), “Azərbaycan-Polşa dostluğu abidəsi” (Qnezno, Polşa) və b. əsərlərin müəllifidir.

1981 – S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illiyinə həsr edilən təntənəli mərasim keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

1998 – Bakıda böyük Azərbaycan şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illiyi qeyd edilib.

 12 APRЕL

1866 – Teatr və maarif xadimi Əbülqasım Sultanov (1866–1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib.

1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 – 1.11.1965) Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1930–60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 – 5.10.1982) anadan olub. Azərbaycan dastan və nağıllarının toplanması və tədqiqində mühüm xidmətləri var. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.

1912 – Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 – 3.12.1996) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

1953 – Əməkdar memar, memarlıq doktoru, professor Gülçöhrə Hüseyn qızı Məmmədova anadan olub. Qafqaz Albaniyasının memarlığına dair tədqiqatların müəllifidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.

1956 – Əməkdar artist Nazir Mürsəl oğlu Rüstəmov Ağcabədi rayonunda anadan olub. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur, filmlərə (“Cavad xan”, “Günaydın, mələyim” və s.) çəkilib.

1960 – Əməkdar artist Musa Eyyub oğlu Eyyubov anadan olub. Qazax Dövlət Dram Teatrının baş rejissorudur.

1968 – Əməkdar artist Kazım Feyruz oğlu Həsənquliyev Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyorudur, filmlərdə çəkilib.

1974 – Bakıda II Ümumitifaq kinofestivalının açılışı keçirilib.

2013 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 13.3.1927 – 2013) vəfat edib.

14 APRЕL 

1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920–1922) olub.

1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram, Milli Dram teatrlarında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

1944 – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi təşkil olunub.

1948 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, kino redaktoru Dinarə İsa qızı Gərəkməzli anadan olub.

1950 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əli qızı Əlizadə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur.

1952 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952 – 20.11.1991) Qazax rayonunda doğulub.

1970 – Əməkdar artist Qafan Məmmədrza oğlu Muradov (1890–1970) vəfat edib. Ağdam, Füzuli dram teatrlarının aktyoru olub.

1977 – Əməkdar artist, vokalçı İnarə Əhməd qızı Babayeva anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

1983 – Əməkdar artist Nərgiz Arzu qızı Əliyeva anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1992 – Azərbaycan Respublikası Nazirlər Kabineti Qax Dövlət Kukla Teatrının yaradılması haqqında qərar qəbul edib. Teatrın ilk tamaşası (Ə.Səmədli, “Cırtdan”) 5 noyabr 1992-ci ildə nümayiş olunub.

2013 – Bakıda V Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalının açılışı keçirilib. Festival aprelin 19-dək davam edib.