29.11.2019
Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirilib. Tədbirdə mədəniyyət işçiləri, dövlət orqanlarının nümayəndələri, rayon sakinləri və qonaqlar iştirak etmişlər.
Tədbirin aparıcısı, Azərbaycanın Əməkdar artisti Azad Şükürov Hacıbaba Hüseynovun muğam sənətimizin inkişafındakı rolu, bu istiqamətdəki pedaqoji fəaliyyəti, təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu haqqında danışdı. O bildirdi ki, Hacıbaba Hüseynov rast muğamının "Üşşaq", "Hüseyni" və “Novruz-rəvəndə” şöbələrinin, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Ustad sənətkarın təşəbbüsü ilə “Bayatı-şiraz” muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.
Çıxışlardan sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Ehtiram Hüseynovun, Biləsuvar şəhər Uşaq incəsənət məktəbinin xalq çalğı alətləri ansamblının, Sumqayıt Musiqi Kollecinin, Salyan şəhər Q.Əsgərov adına Uşaq incəsənət məktəbinin, Neftçala şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin rəngarəng ifaları izləyicilərin könlünü oxşadı. Gecədə ustad xanəndənin repertuarından ifalar təqdim edilib.
Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.