Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda aşıq sənətinin təbliği ilə əlaqədar tədbir keçirilib

24.11.2019

Salyan rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği məqsədilə tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, dövlət orqanlarının nümayəndələri və Salyan sakinləri iştirak etmişlər. 

Mərasimi giriş sözü ilə açan Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbaslı qonaqları salamlayaraq aşıq sənətinin təbliği və dirçəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən bəhs etdi və Salyan bölgəsinin aşıq mühiti haqqında geniş məlumat verdi.

Çıxışlardan sonra “Dirili Qurbani” saz-söz məclisi üzvlərinin, o cümlədən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aşıq Əhliman Şirvanlının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aşıq sənəti" kafedrasının, həmçinin Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gədəbəy Aşıq Musiqisi Məktəbinin müəllim və tələbə heyətinin ifasında aşıq havaları təqdim olunmuşdur. Tədbirdə aşıq sənəti ilə bağlı Gədəbəy Aşıq Musiqi Məktəbində toplanmış materiallar sərgilənmişdir.

Gecədə Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində yeni yaradılan "Ruhani" aşıq-folklor qrupu ictimaiyyətə təqdim olunub və qrupun, həmçinin qonaq aşıqların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.