28.10.2019
Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Pəncərə” teatr studiyasının hazırladığı “Qurbanın qurbanlığı” adlı tamaşa təqdim edilmişdir. Təqdimatdan öncə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Rəfiqə Cəfərova çıxış edərək tamaşanın əsas məqsədinin narkotik vasitələrlə, alkoqolizmlə və ümumiyyətlə zərərli vərdişlərin fəsadları ilə mübarizə olduğunu bildirdi. Rayonun ilk yerli teatr kollektivinin hazırladığı tamaşa ziyalı ictimaiyyət arasında xüsusi marağa səbəb oldu.
Cahangir Məlik və Günay Ümidin birgə əsəri olan “Qurbanın qurbanlığı” pyesi tragikomediya janrında yazılmışdır və C.Məlik həm də baş rollardan birini ifa etmişdir. Tamaşada teatrın tərbiyəvi funksiyası mərkəzi plana keçmişdir və tamaşanı izləyən mədəniyyət işçiləri və rayon ziyalıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Tamaşanın növbəti günlərdə də səhnəyə qoyulması nəzərdə tutulur. Gələcəkdə Regional İdarə tərəfindən kollektivin digər şəhərlərə də qastrol səfərləri planlaşdırılır.