02.07.2019
İyulun 1-də UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ikinci plenar iclas keçirildi.
Sessiyanın Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iclası açıq elan etdikdən sonra hesabatlar dinlənildi.
Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) nümayəndəsi öz çıxışında təmsil etdiyi qurumun son dövrlərdəki fəaliyyəti haqqında məlumat verdi. Təşkilatın Afrika və ərəb dövlətləri ilə bağlı fəaliyyətlərinin əsas məqsədlərini diqqətə çatdıran nümayəndə bu istiqamətdə görülən işlərin müsbət nəticələndiyini vurğuladı. Dedi ki, bu regionlara səfərləri zamanı təcrübə mübadiləsi ilə yanaşı, əməkdaşlıq əlaqələri qurulub. Münaqişələrdən sonra ərazilərdə mədəni irsin qorunması və bərpası istiqamətində fəaliyyətə toxunan mütəxəssis ötən bir il ərzində təşkilatın üzərinə düşən işin öhdəsindən uğurla gəlindiyini vurğuladı.
Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İUCN) hesabatında Azərbaycan hökumətinə minnətdarlıq ifadə edildi. Bildirildi ki, təşkilat dayanıqlı məqsədlərin inkişafına səbəb olan təhdidlərin qarşısını almaqda maraqlıdır. Bu istiqamətdə innovativ yeniliklər və ideyalarla bağlı birliyin nəzdində tematik qrup fəaliyyət göstərir. Bu sahədə dünyanı narahat edən məsələlər çoxdur və təşkilat Bakı sessiyasında öz tövsiyələrini irəli sürəcək.
Dünya İrs Mərkəzinin nümayəndəsi dayanıqlı inkişaf, gender bərabərliyi, konvensiyanın icrası ilə bağlı yerlərdə icranın reallaşdırılması səyləri haqqında çıxış etdi. O, həmçinin dünyada iqlim dəyişikliyi sayəsində birgə fəaliyyətin vacibliyi diqqətə çatdırdı. Vurğulandı ki, mərkəz və məşvərət təşkilatları Dünya İrs Konvensiyasının müddəalarına xüsusi diqqət yetirirlər. Məruzədə həmçinin dayanıqlı inkişafda mədəniyyətin rolu, yerli icraçılarla sıx əməkdaşlıq məsələləri ilə yanaşı dayanıqlı inkişafla mədəni irsin konvensiyası arasında qarşılıqlı əlaqələrin vacibliyi qeyd olundu.
Daha sonra iştirakçı ölkələrin təklifləri səsləndirildi. Təkliflər əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, etnik problemlər, hərtərəfli yanaşma və digər məsələləri əhatə edirdi. Müxtəlif təşkilat və assosiasiyaların nümayəndələri tərəfindən sessiyalarda səslənəcək təlimatların ictimaiyyət üçün işıqlandırılması təklifi də irəli sürüldü.