07.06.2019
Neftçala rayon Heydər Əliyev Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi ElçinHüseynov və digər mədəniyyət işçiləri, Neftçala rayonunun rəsmi dövlət nümayəndələri, rayon ictimaiyyəti və Neftçalanın qonaqları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd olunmasından və xalqımızın mənəvi dəyərlərinin yaşadılması istiqamətində şair və yazıçılarımızın, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışdı.
Sonra K.Məmmədovanın ssenari müəllifi olduğu tamaşa təqdim edildi. Nəsiminin həyat və yaradıcılığı mədəniyyət işçilərinin ifasında obrazların dili ilə tamşaçılara çatdırıldı və izləyənlərdə xoş təəssürat oyatdı. Milli musiqimizin müşaiyəti ilə şairin qəzəllərinin səsləndirilməsi tədbirə xüsusi rəng qatdı.
Dəvət olunan qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva, həmin institutun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərova, Nizami adına Ədəbiyyat İnstitutunun filologiya üzrə elmlər doktorları Xuraman Hümbətli və Mərziyyə Nəcəfova çıxış edərək bu cür möhtəşəm tədbirin təşəbbüskarı və təşkilatçısı olan mədəniyyət işçilərinə öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən Salyanda da analoji tədbirin keçirilməsi planlaşdırılır.