26.04.2019
Biləsuvar Regional Mədəniyyət İdarəsi və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində kompleks tədbirləri davam edir.
Bu silsilədən növbəti tədbir Bakı şəhərində fəaliyyət göstərən Aşıq Qurbani adına Soltanlı kənd tam orta məktəbdə keçirilmişdir. Tədbir Qarabağ mahalının məhşur aşıqlarından olan Dirili Qurbaninin həyat və yaradıcılığına, ağır və keşməkeşli həyat yoluna həsr edilmişdi. Tədbirdə Muzeyin nəzdində fəaliyyət göstərən "Dirili Qurbani" saz-söz məclisinin üzvləri, Biləsuvar Regional Mədəniyyət İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri və aşıq sənəti həvəskarları iştirak edirdilər.
Məktəbin direktoru Aygün Hüseynova tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı və sözü Muzeyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Taryel Abbaslıya verdi. T.Abbaslı aşıq sənətinin təbliği və dirçəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən danışdı və Dirili Qurbani kimi sənətkarların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini vurğuladı.
Tədbirin davamında saz-söz məclisinin üzvləri Qəzənfər Məsimoğlu, Malik Əhmədoğlu, Rəşid Vəkil, Elmira Aslanxanlı Turan, aşıqlardan Aşıq Cavanşir, Ayişə Səyyadqızı Qurbaninin sözləri əsasında saz havaları ifa etdilər. Ardınca məktəb şagirdləri tərəfindəngörkəmli aşığın şeirlərindən ibarət ədəbi kompozisiya təqdim olundu. Tədbirdə diqqət çəkən məqamlardan biri də Qurbaniyə həsr olunmuş kitab sərgisi və foto-stend oldu.
Təşkilatçılar tərəfindən oxşar tədbirlərin regionlarımızda da keçirilməsi planlaşdırılır.