Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Güzgü” və ”Dama” festivalda çıxış etmişlər

23.04.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Respublika Xalq Teatrları Festivalının növbəti seçim mərhələsi Masallıda baş tutub. Salyan rayon Mədəniyyət Mərkəzinin "Güzgü" Miniatür Xalq Teatrı Mirzəağa Atəşin "Gəlinlər", "Dama" Art-Studiyası isə Xalq yazıçısı Anarın "Asılqanda işləyən qadının söhbəti" hekayəsi əsasında tamaşa təqdim edib. "Gəlinlər"in quruluşçu rejissoru Eldar Bədəlovdur. "Asılqanda işləyən qadının söhbəti" tamaşasına isə rejissor Kürçaylı Məmmədov quruluş verib. Hər iki tamaşada rolları Nübar Bədəlova, Həqiqət Əsgərova, Pərvanə Rzayeva, Xalidə Bəşirova, Kürçaylı Məmmədov, İbrahim Xudiyev və Leyla Babayeva və başqaları canlandırıb.

Aktyorların ifaları peşəkar aktyor və teatrşünaslardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Belə ki, Əməkdar artistlər Loğman Kərimov və Azad Şükürov, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Mədəniyyət Nazirliyinin əməkdaşları – Vüqar Məmmədov və Elgün Əliyevin daxil olduqları münsiflər heyəti kollektivi rejissor və aktyor işi, səhnə danışığı, geyim, səhnə, səs tərtibatı və digər meyarlar üzrə qiymətləndirib, irad və tövsiyələrini bildiriblər.