15.04.2019
Biləsuvar rayon Mədəniyyət Mərkəzində "Pəncərə" studiyasının təqdim etdiyi "Ev tərbiyəsinin bir şəkli" adlı tamaşa təqdim edilmişdir.
Tamaşa Nəcəf bəy Vəzirovun eyni adlı pyesi əsasında səhnəyə qoyulmuşdur. N.Vəzirovun 165 illik yubileyi münasibəti ilə teatrın kollektivi məhz böyük dramaturqun yaradıcılığına müraciət etmişdir. Son bir ay ərzində yaradıcı heyətin müntəzəm məşqləri öz bəhrəsini vermişdir: Mədəniyyət Mərkəzinin tamaşa zalını dolduran teatrsevərlər premyeranı çox müsbət qiymətləndirmişlər.
Tamaşanın ərsəyə gəlməsində Biləsuvarın yerli mədəniyyət işçiləri əmək sərf etmişlər. Teatrın yaradıcı heyəti rayonun mədəniyyət ictimaiyyətinin nümayəndələridir. Quruluşçu rejissor Teymur Quliyev, baş rejissor, həm də əsas rollardan birini ifa edən Cahangir Məlik, aktyorlar Adil Əhmədov, Günel Mirzəyeva, Ruslan Tahirov və digərləri nin birgə yaradıcılığı N.Vəzirovun klassik əsərinə yeni həyat vermişdir.
Tamaşaçılar təqdimatdan xoş təəssüratlarla ayrılmışlar. Teatr kollektivinin verdiyi anonsa görə, yaxın gələcəkdə Nəsiminin də yaradıcılığına müraciət olunacaq. Teatr sənəti baxımından kifayət qədər çətin hesab edilən Nəsimi yaradıcılığının səhnələşdirilməsi artıq indidən maraqla gözlənilir.
Qeyd edək ki, "Pəncərə" studiyasının bu təqdimatı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Respublika Xalq Teatrları Festivalı qabağı kollektivin ilk ciddi sınağıdır. Teatr studiyasının həmin Festivalda da uğurla çıxış edəcəyinə ümid edirik.