04.03.2019
Neftçala rayonunun mədəni həyatı üçün əhəmiyyətli hadisə baş vermişdir. Yeni yaradılmış “Ənənə” folklor kollektivinin "Folklor çələngi" adlı ilk tamaşası baş tutmuşdur. Premyera Mədəniyyət Mərkəzinin tamaşa zalında təqdim olunub.
Kollektiv Neftçala rayon Folklor evinin nəzdində fəaliyyət göstərir. Üzvləri yerli mədəniyyət işçiləri və folklora maraq göstərən rayon gəncləridir. Tamaşanın ssenari müəllifi 5 nömrəli şəhər kitabxana filialının müdiri Nəzakət Məmmədova, rejissoru isə Kürkənd kənd Mədəniyyət evinin əməkdaşı Fərman Hüseynovdur.
Tamaşada folklor mədəniyyətinin müxtəlif tərkib elementləri – milli kulinariya, tətbiqi və dekorativ sənət, mahnı, rəqs, toy-nişan və s. yaradıcı formada, vahid süjet xətti ilə birləşdirilmiş səhnə əsəri kimi təqdim olunmuşdur. Bu cür fərqli təqdimat tamşaçılarda böyük maraq oyatmış və tamaşa haqqında xoş təəssürat yaratmışdır.
Kollektivin premyerası yerli ictimaiyyət və şəhərin qonaqları tərəfindən maraqla qarşılanmışdır. Biləsuvar Regional Mədəniyyət İdarəsi uğurlu başlanğıcı nəzərə alaraq gələcəkdə kollektivin həm region daxilində, həm də ondan kənarda qastrol səfərlərini planlaşdırır.