
18.03.2026
18 mart 2026-cı il tarixində Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, aidiyyəti qurumların nümayəndələri, şəhid ailələri, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə İlk olaraq Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib, onlara firavanlıq arzulayıb. O çıxışında ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılması və milli dəyərlər ruhunda formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxışında məktəbin fəaliyyətini yüksək qiymətləndirərək, onun regionda musiqi sahəsinin inkişafına verdiyi töhfələri qeyd edib. O, xüsusilə “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görülən məktəbin fortepiano müəllimi Tükəzban Mehtiyevanın uğurunu vurğulayıb.
Konsert proqramında məktəbin şagirdləri tərəfindən hazırlanan musiqi və rəqs nömrələri təqdim olunub. Bayram proqramına daxil edilən səhnəciklər, xüsusilə Novruzun simvolik obrazları olan Kosa və Keçəlin çıxışı tədbirə xüsusi maraq qatıb.
Sonda məktəbin müəllimi Tükəzban Mehtiyeva qazandığı uğura görə fəxri fərmanla təltif edilib.