
18.02.2026
Salyanda rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Şəhərsalma və İnkişaf strategiyası” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası çərçivəsində baş tutub.
Konfransda rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Mərkəzin direktoru Nübar Bayramova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Salyan rayonu üzrə baş mütəxəssisi Təravət Məlikova, Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyov, tarixçi-tədqiqatçı Sahib Həsənov və Yazıçılar Birliyinin Muğan Regional İdarəsinin sədri Nəbi İbrahimli çıxış edərək, dövlətçilik tarixində şəhərsalma siyasətinin rolu, regionların sosial-iqtisadi inkişafı, memarlıq irsinin mühafizəsi və müasir urbanizasiya prosesləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin şəhərsalma siyasəti, memarlıq ənənələrinin qorunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirdiyi strateji tədbirlərdən bəhs olunub, həmin siyasi kursun bu gün də uğurla davam etdirildiyi vurğulanıb.