
06.08.2026
Avqustun 5-də Salyan rayon Mədəniyyət Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidi Samir Mehdiyevin atası, Abadkənd kənd klubunun mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı, "Cəngi" milli nəfəsli xalq kollektivinin üzvü, tanınmış mədəniyyət işçisi Valeh Mehdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunan tədbir keçirilib. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi, Salyan Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı və Qərbi Azərbaycan İcması Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley gecəsində rayon rəsmiləri, YAP fəalları, mədəniyyət işçiləri, ziyalılar, yubilyarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə sektor müdiri Emin Mustafayev, QAİ Salyan rayon nümayəndəsi Kərəm Muradov və başqaları Valeh Mehdiyevin uzun illər mədəniyyət sahəsində səmərəli fəaliyyət göstərdiyini, milli-mənəvi dəyərlərin, folklor və musiqi ənənələrinin yaşadılması istiqamətində əhəmiyyətli xidmətlər göstərdiyini bildiriblər. Natiqlər həmçinin onun şəhid atası kimi nümayiş etdirdiyi qürurlu və örnək həyat yolunun, vətənə, dövlətə və milli-mənəvi dəyərlərə sədaqətinin cəmiyyət üçün nümunə olduğunu vurğulayıblar.
Yubiley gecəsində Salyan Rayon Mədəniyyət Mərkəzi və Salyan şəhər Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbinin solistləri konsert proqramı ilə çıxış ediblər. "Cəngi" milli nəfəsli xalq kollektivinin təqdim etdiyi çıxışlar isə tədbirə xüsusi rəng qatıb.
Sonda çıxış edən Valeh Mehdiyev tədbirin yüksək səviyyədə təşkil olunmasına, ona göstərilən diqqət və ehtirama görə təşkilatçılara və iştirakçılara dərin minnətdarlığını bildirib.