
04.07.2026
İyulun 3-də Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 42-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl şəhər Şəhidlər xiyabanında Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilərək ruhuna dualar oxunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhidin anası Filarə İsmayılova, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində təşkil olunan tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından məktəbin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlıq nümunələrindən bəhs edilib. Natiqlər xalq–ordu birliyinin tarixi Qələbənin qazanılmasında mühüm rol oynadığını vurğulayaraq şəhid Camal İsmayılovun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən danışıblar.
Şəhidin anası Filarə İsmayılova çıxışında oğlu Camal İsmayılovun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs edərək xatirələrini iştirakçılarla bölüşüb, şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulmasına görə minnətdarlığını ifadə edib.
Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin təqdim etdikləri bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edib.