
20.04.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində rəsm müsabiqələri, sərgilər, maarifləndirici görüşlər və tarixi abidələrə ekskursiyalar keçirilib.
Tədbirlərdə çıxış edənlər tarixi-mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə aparılan məqsədyönlü tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, mədəni irsin qorunması yalnız dövlət qurumlarının deyil, eyni zamanda hər bir vətəndaşın mənəvi borcudur. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına, onların tarixə və mədəni irsə bağlılığının gücləndirilməsinə xidmət edir.
Rəsm müsabiqələri və sərgilərdə iştirak edən gənclər tarixi abidələri, mədəni irsimizi və milli dəyərlərimizi öz yaradıcılıqlarında bədii şəkildə əks etdiriblər. Təqdim olunan əsərlərdə şəhərlərin tarixi siması ilə yanaşı, onların müasir inkişafı və gələcək perspektivləri də təsvir olunub. Tədbirlər çərçivəsində təşkil olunan ekskursiyalar zamanı iştirakçılara qədim abidələrin tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ekskursiyalar gənclərin tarixi-mədəni irsə daha yaxından bələd olmalarına və bu irsin qorunmasına məsuliyyətlə yanaşmalarına töhfə verib.