24.01.2025
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan, Biləsuvar, Neftçala rayon Heydər Əliyev Mərkəzləri, Hacıqabul rayon Mədəniyyət Mərkəzi və Şirvan şəhər Folklor Evində “Üçüncü günün adamı” bədii filminin nümayişi keçirilib.
Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyevdir. Rollarda Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Məmməd Səfa, Ayşad Məmmədov və digər istedadlı aktyorlar çıxış ediblər.
Filmin əsas ideyası Qarabağ müharibəsinin təsirini, qəhrəmanlıq və insanlıq dəyərlərini, eləcə də müharibənin insan talelərinə vurduğu dərin izləri əks etdirməkdən ibarətdir. Həyat və mübarizə motivləri ilə dolu olan film, həm tarixi həqiqətlərin, həm də mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin əsas məqsədi filmin ictimaiyyətə təqdimatı ilə yanaşı, Qarabağ müharibəsi mövzusunda milli şüurun gücləndirilməsi və müharibə iştirakçılarının xatirəsinə hörmətin ifadə olunmasıdır.
Nümayişlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və Qarabağ həqiqətlərinin mədəniyyət vasitəsilə çatdırılmasının önəmini bir daha sübut edib.