Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Neftçala Dövlət Rəsm Qalereyasında “Sirr” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib

03.07.2026

İyulun 2-də Neftçala Dövlət Rəsm Qalereyasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qalereyanın direktoru Nigar Abdullayeva və rəssam Dadaş Dadaşovun müəllifi olduqları “Sirr” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə sərginin hazırlanma mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasında elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən belə layihələr memarlıq irsinin qorunması, milli-mədəni dəyərlərin təbliği və cəmiyyətdə estetik zövqün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışlarda sərginin bədii-estetik məziyyətləri yüksək qiymətləndirilib, təsviri sənətin milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və yaradıcı düşüncənin təbliğində mühüm rola malik olduğu vurğulanıb, sərgi müəlliflərinə gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra iştirakçılar canlı musiqinin müşayiəti ilə sərgi ekspozisiyasına baxış keçiriblər. Müxtəlif janr və texnikalarda hazırlanan rəsm əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb.